UNEC müəllimləri “Gənc sahibkarların Quba forumu”nda çıxış edib

29 DEKABR 2015 | OXUNUB:
1533

Dekabrın 28-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənc Mühasiblər Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənc sahibkarların Quba forumu” keçirilib. Tədbirin keçirilməsində məqsəd iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramlarının təbliği, kiçik və orta sahibkarlığın dəstəklənməsi, bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsidir. Foruma UNEC-in müəllimləri Fariz Əhmədov və Oqtay Quliyev məruzəçi kimi dəvət olunublar.

Forumun açılışında mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə, Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatı Vahid Əhmədov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov sahibkarlığın inkişafına dövlət dəstəyi və təşəbbüslərlə bağlı çıxış ediblər.

Forumun plenar iclasında UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Fariz Əhmədovun “Müasir sahibkarlıq fəaliyyətində strateji idarəetmə: Problemlər və həlli yolları”, Oqtay Quliyevin isə “Sahibkarlıq fəaliyyətində məqsədlər: Bazar çevrəsi və istehlakçı davranışları” mövzusunda məruzələri maraqla qarşılanıb.

Forumun yekunu olaraq sahibkarların üzləşdiyi problemlərlə bağlı təkliflər paketi hazırlanaraq, müvafiq qurumlara təqdim ediləcək.

1534 2