UNEC müəllimlərinin reytinqinin hesablanmasına start verildi

10 DEKABR 2015 | OXUNUB:
1495

Azərbaycan Dövlət İqtisad Universitetində bu ildən tətbiqinə başlanan differensial əmək haqqı sistemi ilə əlaqədar daimi Komissiyanın ilk iclas keçirilib. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə yaradılan daimi Komissiya sistemə daxil edilən məlumatların yoxlanılmasına başlayıb.

Rektor, professor Ədalət Muradov  UNEC-in professor-müəllim heyətinin yeni sistemə maraqlarının qənaətbəxş olduğunu bildirib. Ə.Muradov pedaqoji heyətin bu sahəyə olan maraqlarının daha da artırılması məqsədi ilə təbliğatın mütəmadi davam etdirilməsini məqsədəuyğun hesab edib. Komissiyanın iclasında fakültələr üzrə Elmi Şuraların iclaslarında bu mövzuda məruzələrin təşkili təklif edilib.

Komissiyanın sədr müavini Elşən Bağırzadə sistemə daxil edilən məlumatlar haqqında hesabatı açıqlayıb. Bildirib ki, proqram təminatının işə düşdüyü 2 ay ərzində 130 müəllimin pedaqoji və şəxsi inkişaf fəaliyyəti barədə məlumat daxil edilib.

Komissiyanın monitorinqi nəticəsində müsbət təsdiq cavabı alan müəllimlərin ümumi universitet üzrə ilkin reytinqi avtomatik olaraq müəyyənləşib. Qaydalara uyğun olmayan məlumatları daxil edənlərə sistem vasitəsilə bildiriş göndərilib.

Komissiyada məlumatların monitorinqi bu həftə ərzində tam yekunlaşdırılacaq.

Sistemin tətbiqində məqsəd UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və onların işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət etməkdir. xidməti fəaliyyətinin qiymətləndirilməsi onların UNEC-dəki fəaliyyətinin üç əsas istiqaməti – elmi, tədris və özünüinkişaf – nəzərə alınmaqla həyata keçirilir.

UNEC-də professor-müəllim heyətinin 2015-2016-cı tədris ili üzrə reytinq siyahısına müvafiq olaraq 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əməkhaqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əməkhaqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əməkhaqqı isə 1,2 dəfə artırılacaqdır.

1496 2