UNEC şəhidlərini ehtiramla yad edir

17 FEVRAL 2017 | VIEWS:
1820

Mahir-Mirzeyev-1 - копияBu gün UNEC-in məzunu, aprel şəhidi Mahir Mirzəyevin xatirə günüdür.  

Mahir Sabir oğlu Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 36 saylı orta məktəbi bitirib, 2011-ci ildə 541 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir 2016-cı ildə, aprel hadisələrində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

İqtisadiyyat fakültəsinin dekan müavini, UNEC-in “İqtisadi hüquq” kafedrasının müəllimi Rahim Mürsəlov Mahir Mirzəyevi belə xatırlayır:

- Sevimli tələbəm, Vətən oğlu Mahir Mirzıyevi sevgi ilə xatırlayıram. Elə ilk görüşümüzdən haqqında müsbət fikrim yaranmışdı. Onun haqqında nədər xoş sözlər desəm də ürəyim sakit olmur. Hər dəfə Mahirin mərd, çalışqan, nurlu siması göz önümə gəldikcə ürəyimdəki qəzəb hissi daha da alovlanır. Elə bu dəqiqə silaha sarılıb düşməni məhv etmək keçir könlümdən…

Mahir çox savadlı və nümunəvi bir tələbə idi… Qrup yoldaşları üçün sevimli, biz müəllimlər üçün isə əziz idi. O qədər həyat dolu idi ki, dərslərə cavab verərkən də gülümsəyirdi… Təbəssümü üzünü tərk etmirdi… Xeyirxah idi… Bəzən dərslərdə yerindən dostlarına həzin səslə kömək etməsi şəxsən mənim üçün unudulmazdır.

Şəhidimizin ölüm xəbərini cəbhə bölgəsində aldım. Bu xəbəri eşitmək çox çətin oldu.  Əvvəlcə qrup yoldaşı  və dostu olan Vüqarla əlaqə saxlamaq istədim, alınmadı. Bu vaxt xəbərin yalan olduğu deyildi. Sevindim, dua etdim… Amma bir neçə gün sonra Mahirin şəhid olması xəbəri öz təsdiqini tapdı.

Mahir yaddaşımda elə iz buraxmışdı ki, onun savadlı kadr kimi UNEC-in adını uca tutacağına, yüksək vəzifələr fəth edəcəyinə əmin idim. O yenə də UNEC-in qürur yerinə çevrildi… Mən yanılmadım, Mahir vətənpərliyi, igidliyi ilə ən yüksək zirvəyə – şəhidlik zirvəsinə ucaldı…

Mahir, əziz tələbəm, sənə Allah rəhmət eləsin demirəm, çünki şəhidlər ölmür!

Ad günün mübarək, əziz və sevimli tələbəm Mahir!

Bu vətən, bu torpaq mənimdi deyib,
Üstündə vüqarla gəzdi şəhidlər.
Əyninə qanından bir köynək geyib,
Düşmənin yolunu kəsdi şəhidlər.

 

Mahir Mirzəyev haqqında filmi təqdim edirik:

1821 1