UNEC tələbələri Qafqaz Tufandag Mountain Resort Hotelində təcrübə keçəcəklər

20 DEKABR 2016 | OXUNUB:
1491

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrindən ibarət qrup  Qafqaz Tufandag Mountain Resort Hotelin icraçı meneceri Resul Erciyasın dəvəti ilə Qəbələ rayonunda “Tufandağ” Qış-Yay Turizm İstirahət  Kompleksində keçirilən təlimlərdə iştirak ediblər.

“Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müəllimi Yalçın Köçərlinin rəhbərliyi ilə İqtisadiyyat fakültəsinin “Turizm və  otelçilik” ixtisası üzrə II və III kurs tələbələrinin iştirak etdiyi təlimlərdə otellərin menecmenti üzrə maraqlı müzakirələr aparılıb. Hotelin  icraçı meneceri  Resul Erciyas və bölmə rəhbərləri 5 ulduzlu oteldə minimum xidmət standartları, otel nömrələrinin standartları, dağ-xizək kompleksləri, kanat yolları, spa mərkəzləri və kadrların otelin iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsiri haqqında məlumat veriblər.

Təlimlərin sonunda UNEC tələbələrinin istehsalat təcrübələrinin Qafqaz Tufandag Mountain Resort Hotelində keçirilməsi üçün otel rəhbərliyi ilə razılıq əldə olunub.

Oteldə ustad dərsləri və praktiki dərslərin keçirilməsi UNEC-lə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun reallaşdırılıb.

1492 1