Diskurs.az saytında həftə ərzində ən çox oxunan və müzakirə mövzusu olan məqaləni təqdim edirik. Bu “Həftənin məqaləsi” UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadənin “IV Sənaye İnqilabı: gözləntilər, əsas hədəflər” olub.
Biz əgər dünyada baş verən texnolji dəyişikliklərə nəzər salsaq, görərik ki, dünyada istər mikro səviyyədə, istərsə də makro səviyyədə texnoloji rəqabət özünün üstün mərhələsini yaşayır. Çünki texnolji rəqabətdə önə çıxmağı özünə hədəf olaraq müəyyən edən ölkələr istər öz iqtisadi siyasətlərində araşdırma yönümlü sahələrə üstünlük verməklə, istərsə də sahib olduqları texnoloji şirkətlərə dəstək verməklə həm iqtisadi qazanc əldə etməyi hədəfləyirlər, həm də beynəlxalq rəqabətdə önə çıxmağı.
Texnolji sahədə gedən bu rəqabət təbii ki, tarixi bir prosesin nəticəsidir. Sənaye inqilablarının baş verməsi texnologiyanı, texnoloji rəqabəti bizim bugün gördüyümüz vəziyyətə gəlməsinə səbəb olmuşdur. Ümumi baxsaq, görərik ki, dünyada I sənaye inqilabı zamanı istehsalı mexanikiləşdirmək üçün sudan və buxardan istifadə olundu. II sənaye inqilabında artıq kütləvi istehsal üçün elektrikdən istifadə olunmağa başlanıldı. III sənaye inqilabında isə istehsalı avtomatlaşdırmaq məqsədilə elektronikadan və texnoloji informasiyadan istifadə olunmağa başlanıldı. Bəs IV sənaye inqilabı necə olacaq?
IV sənaye inqilabı III sənaye inqilabına əsaslanacaq. IV sənaye inqilabının əsas özəlliyi onun rəqəmsal olmasıdır. Bizim bugün dünyada qarşılaşdığımız bir çox problem var ki, onlar IV sənaye inqilabın baş verməsini zəruri edir. Təbii ki, bu dünya üçün, insanlar üçün tamamilə yeni bir dövrdür və bugün biz artıq bu yeni dövrün tam başlanğıcındayıq.
IV sənaye inqilabı baş vermiş digər 3 sənaye inqilablarından fərqlənir. Əsas özəllikləri ondan ibarətdir ki, bu sənaye inqilabı zamanı çox sayda yeni texnologiyalar yaranacaq. Bu texnologiyalar iqtisadiyyata təsir göstərən fiziki, dijital və bio məhsulların əvəzləyicisi rolunda çıxış edəcək. Yəni biz artıq texnologiyanın daha üstün bir mərhələsini yaşayaycağıq və bu də təbii ki, iqtisadiyyata, texnoloji rəqabətə yenidən təsir edəcəkdir, dəyişikliklərə yol açacaqdır. Bundan başqa IV sənaye inqilabının insanlığa, insan əməyinə kəskin təsir göstərəcəyi aydındır.
IV sənaye inqilabının yarada biləcəyi mümkün iqtisadi üstünlüklərini və problemlərini analiz etsək, görərik ki, digər sənaye inqilablarında da olduğu kimi, yeni sənaye inqilabının da ölkələr üçün, insanlar üçün iqtisadi üstünlüyü olacaqdır. Qlobal səviyyədə gəlirləri artıra bilər, insanların həyat səviyyəsini yüksəldə bilər, texnoloji rəqabəti daha da kəskinləşdirə bilər və s. İnsanların həyatına mümkün təsirlər isə bundan əvvəlki sənaye inqilablarında olduğu kimi zamandan daha səmərəli istfiadə edilməsini, iqtisadi gəlirlərin artırılması, problemlərin daha asan və çevik həlli kimi mümkün imkanlar olacaqdır. Çünki texnologiyanın inkişafı insanlara daima yeni imkanlar təqdim edir, daşımacılıqda və digər xidmətlərdə xərcləri azaldır, zamana qənaət edir, insanların həyatını daha da rahatlaşdırır.
Lakin üstünlüklərlə yanaşı, təbii ki, IV sənaye inqilabının mənfi tərəfləri də vardır. Bilirik ki, bundan əvəlki sənaye inqilablarına da tənqidlər yanaşan, texnologiyanın çevik inkişafına, insan həyatında tutduğu mövqeyə çox kəskin tənqidlə yanaşan insanlar var. Onlar düşünürlər ki, hətta mümkün IV sənaye inqilabı da əmək bazarına mənfi təsir edəcəkdir, insanların həyatdakı rolunu azaldacaqdır, qeyri-bərabərlik gətirəcəkdir və s.
IV sənaye inqilabının əsas hədəfləri isə iqtisadi sahədə, biznesdə rəqabəti daha da artırmaq, gəlirlərin səviyyəsini yüksəltmək, yeni dəyərlər yaratmaq, idarəetmədəki müəyyən istiqamətlər üzrə işləri daha da asanlaşdırmaq, tezləşdirmək, insanların həyat səviyyəsinə təsir etmək və s.-dir.
Sonda isə onu qeyd edim ki, IV sənaye inqilabı ümumilikdə dünya üçün, qlobal iqtisadiyyat üçün faydalı olacaqdır. İnkişafın yeni mərhələsi üçün əsas istiqamət olacaqdır. Hərçənd insanlar Robotlaşmağa bəzən nə qədər tənqidi yanaşsalar da, unutmayaq ki, elə robotları da, sənaye inqilablarını da yaradan məhz insandır, insan beynidir. İnsan öz beyninin məhsulunu yaradırsa, ondan faydalanmağın da ən mümkün yollarını axtarmalıdır.
Təhmasib Əlizadə,
Beynəlxalq İqtisadiyyat kafedrası