İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Digital Marketinq” mövzusunda təlim keçirilib.
Təlimdə əsasən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq (strategiya və yeni imkanlar), rəqəmsal marketinqdə effektivliyin ölçülməsi, remarketinq ( Sosial Media Reklamları, Display Advertising), Axtarış Motoru Optimizasiyası (SEO) və Axtarış Motoru Marketinqi (SEM), (Google AdWords), marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib.
“BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, ixrac missiyalarının daha səmərəli yollarla aparılması, beynəlxalq bazarların tapılması istiqamətində müzakirələr gələcəkdə də intensiv olaraq təşkil ediləcək. “”Bir Pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarların fəaliyyətini praktiki dəstəkləməklə bərabər onların maarifləndirilməsinə və xarici ticarət əməliyyatlarının daha effektli olmasına dəstək göstərir. Sahibkarlıq subyektlərinin intellektual düşüncə tərzinin və idarəetmə bacarıqlarının formalaşdırlması baxımından bu təlimin rolu böyükdür.”
UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, təlimdə əsas məqsəd xüsusən, ixrac həyata keçirən sahibkarlar üçün digital marketinqin əhəmiyyətini göstərməkdir. “Digital marketinq vasitəsilə xarici bazarların araşdırılması, istehlakçı davranışlarının tədqiqi, effektiv reklam kampaniyalarının hazırlanması və hesabatlar üzərində iş kimi strateji addımlar göstərilib. Təlim bu istiqamətdə təməl prinsipləri özündə əks etdirsə də, daha dərinləşdirilmiş biliklərin qazanılması üçün davamlı seminarlar təşkil ediləcəkdir. Hesab edirik ki, təlimdən qazanılmış biliklərlə artıq bir sıra xərclərə qənaət etməklə digital marketinq vasitəsilə daha operativ və effektiv nəticələrə çatmaq mümkün olacaq.”
Qeyd edək ki, “Digital Marketinq” mövzusunda təlimə 40-dan artıq yerli şirkətin nümayəndəsi qatılıb.