UNEC-in İqtisadiyyat fakültəsinin turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının tədris planına uyğun olaraq ixtisas təcrübəsindədirlər.
“AtaTurizm” MMC-yə daxil olan “Excelsior Hotel & Spa Baku” otelində təcrübə keçən 12 tələbənin təcrübə rəhbəri otelin İnsan resursları şöbəsinin meneceri Kamran Rzayevdir. K.Rzayev “Excelsior Hotel & Spa Baku” otelində UNEC-in tələbələrinə turizm sektorunda təcrübə bacarıqları aşılandığını bildirərək, onların biliklərini praktikada tətbiq etmələrini yüksək qiymətləndirib.
Təcrübəçilərin UNEC tərəfdən müəyyən edilən təcrübə rəhbəri isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının baş müəllimi Elşən Məmmədovdur.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində UNEC-də 3102 bakalavr ixtisas, 660 magistr isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə cəlb edilib. UNEC-in Təcrübənin təşkili şöbəsi bakalavr və magistrlər üçün ölkənin 538 nüfuzlu müəssisəsində təcrübə keçmək imkanı yaradıb. Bu tədris ilindən UNEC-də bakalavrların təcrübəsinin təşkili yeni qaydalar əsasında aparılır. Belə ki, ötən tədris illərində bakalavrlar üçün təcrübə müddəti 40 gün nəzərdə tutulurdusa, bu tədris ilindən onların təcrübə saatları artırılaraq 14 həftə olub. Bu yenilik təbələbələrin praktiki biliklərini artırmaqla yanaşı, onlara ixtisaslarına uyğun sahədə daha yaxşı mütəxəssis kimi yetişmək imkanı yaradacaq.