Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində tələbə və magistrlər üçün “Karyera günü” təşkil edilib. Tədbirdə Ataholdinq ASC, Xalq Sığorta ASC, Akkord Mərmər-Qranit MMC, Code Academy, Retail Group və EduMedia Şirkəti iştirak edib. Şirkətlər UNEC-in tələbə və magistrlərinə əsasən təcrübə proqramları və sərbəst iş qrafiki ilə vakant yerlər təqdim ediblər.
Qeyd edək ki, “Karyera günü”ndə iştirak etmək istəyən namizədlər öncədən CV-lərini Karyera Mərkəzinə təqdim ediblər. CV-lər iştirakçı şirkətlərə göndərilib və seçilən namizədlər müsahibə üçün “Karyera günü”nə dəvət edilib. Əlavə olaraq, iştirakçılara korporativ sektorun insan resursları üzrə mütəxəssisləri tərəfindən karyera inkişafında faydalı ola biləcək məsləhətlər də verilib.
Tədbirin sonunda Code Academy Şirkətinin rəhbərliyi və mütəxəssisləri Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün təcrübə proqramlarının təqdimatını keçiriblər.
UNEC-də karyera günlərinin tədris ilinin sonunadək ayda bir dəfə müxtəlif şirkətlərlə keçirilməsi nəzərdə tutulub. Tədbirdə iştirak etmək istəyən şirkətlər UNEC Karyera Mərkəzinə müraciət edə bilərlər.