Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı soyqırımının 23-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir faciə qurbanlarının xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı soyqırımı haqqındaqısametrajlı sənədli film nümayiş etdirilib. ADİU tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Anim mərasimi ADİU-nun 2 saylı tədris binasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ağacı ziyarəti ilə davam edib. Ağacın üzərində olan yarpaqlarda faciə qurbanlarının adları həkk olunub. Abidə önündə çıxış edən ADİU rektoru, professsor Ədalət Muradov qeyd edib ki, Ümumilli Lider Heydər Əliyevin səyi nəticəsində Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə faciənin dünya ictimaiyyətində təbliği siyasəti bu gündə davam etdirilir.
Daha sonra ADİU tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Xocalı faciəsinin gənclər arasında təbliği istiqamətində universitetdə silsilə tədbirlər keçirilib. Bütün tədris binalarının vestibülündə “Xocalı faciəsi” güşəsi yaradılıb. Dəhlizlərdə quraşdırılan monitorlarda faciəyə həsr olunan sənədli filmlər nümayiş olunub. “İqtisadçı” qəzetinin fevral buraxılışı Xocalı faciəsinə həsr olunub, qətliamla bağlı məqalələr dərc edilib. Tədbirlər çərçivəsində fevralın 26-da ilk dərslər Xocalı faciəsinə həsr ediləcək.