ADİU rektorunun “Azərbaycan” qəzetinə müsahibəsi

11 MART 2015 | VIEWS:
378

Universitet təhsili: sabah bu gündən başlayır

Ölkəmizdə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın da əsas hədəflərindəndir. Bu strategiya həm də Prezident İlham Əliyevin müəyyən etdiyi “insan kapitalı”nın formalaşdırılması strategiyası kimi də qəbul edilə bilər. Strategiyada qeyd edilən əsas istiqamətlərin reallaşdırılması, keyfiyyət meyarlarının sistemin əhəmiyyətli dayaq nöqtəsinə çevrilməsi Azərbaycanda müasirləşən təhsilin ən mühüm təşəbbüsləri sırasındadır. Müasir təhsil sistemi qarşısında duran tələblər, yenilik çağırışları bütün ali təhsil müəssisələri üçün də institusional keyfiyyətin yüksəldilməsi təşkilatı innovasiyalar üçün effektiv zəmin formalaşdırır.

Ən son tədqiqatlar göstərir ki, hər bir ali təhsil ocağının keyfiyyət meyarlarının 40 faizi tələbələrin keyfiyyət göstəricilərindən asılıdır. Digər hissəni universitetin maddi-texniki bazası, akademik potensialı müəyyənləşdirir. McKinsey&Company Consaltinq şirkətinin sorğusuna əsasən, gənclərin təxminən 50 faizi aldığı universitet təhsilini gələcək karyerasının inkişafı üçün yetərli hesab etmir. İşə götürənlərin 40 faizi qeyd edir ki, gənclər işə başlamaq üçün tələb olunan bilik və bacarıqlara malik deyillər. Universitetlərin təxminən 72 faizi isə hesab edir ki, onların verdiyi təhsil məşğulluq və karyera yüksəlişi üçün kifayətdir.
Cəmiyyətdə qarşıya qoyulmuş məqsədlərə nail olmaq həm də onun kreativ potensialından, bu isə öz növbəsində intellektual resursun keyfiyyətindən asılıdır. Bu resurs təhsil sektorunda formalaşır və təkmilləşir. Beləliklə, tədrisin innovativ proqramlarının yaradılması, təhsil standartlarının yeniləşməsinə dair təkliflərin formalaşdırılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və kompetensiya səviyyəsinin artırılması universitetlərin əsas missiyasıdır.

Ali təhsilə bütövlükdə iki yanaşmadan baxmaq olar. Birinci yanaşmaya əsasən, ali təhsil bazar iqtisadiyyatının bir seqmenti kimi, yəni xidmətlər sektoru kimi qiymətləndirilə bilər. Bu halda tələbə uyğun təklif təqdim olunmalıdır. Başqa sözlə, bu və ya digər ixtisasa tələb artdıqca və ya azaldıqca təklif də (müvafiq ixtisaslar üzrə kadr hazırlığı) dəyişəcək. Bu zaman yarana biləcək əsas problem mövcud tələbin əmək bazarının tələbindən fərqli ola bilməsidir. Belə ki, cəmiyyətdə formalaşmış dəyərlərə uygun olaraq “prestijli”, “dəbdə olan” ixtisaslara fərdlər tərəfindən və ya “valideynlərin tövsiyəsilə” tələb arta bilər. Bu hal universitetin, xususilə də onun maliyyə maraqlarına cavab versə də, əmək bazarının tələblərinə tam uyğun olmaya bilər. Nəticədə ali təhsil struktur işsizliyi artıracaq. Başqa sözlə, əmək bazarının tələbi, insan kapitalının formalaşdırılması zərurəti və universitetin maraqları arasında ziddiyyət yaranır. Bu onu göstərir ki, universitet üçün arzuolunan hec də həmişə cəmiyyət ücün arzuolunan olmaya bilər.
İkinci yanaşma “insan kapitalı” yanaşması kimi dəyərləndirilə bilər. Bu halda formalaşdırılan kapitalın gələcəkdə gətirə biləcəyi gəlir ön plana çıxır. Yəni, insan kapitalına olan tələb onun gəlirliyinə əsaslanır. Beləliklə, formalaşdırılmış insan kapitalının keyfiyyəti və onun gələcəkdə gətirəcəyi gəlir arasında birbaşa asılılıq yaranır. İnsan kapitalının keyfiyyəti həm də gələcək karyera baxımından da önəmli olduğundan, cəmiyyətin gələcək inkişafı, insan kapitalının formalaşdırılması və universitetin maraqları arasında uyğunluq yaratmaqla, universitet həm də “insan kapitalı”nın formalaşdırılması vəzifəsinin birbaşa icraçılarından biri olur. Bu zaman ötürülə bilən dəyərin özü də həlledici amilə çevrilir. Beləliklə, universitetin əsas missiyası ölkənin rəqabət qabiliyyətini artıran insan kapitalının yaradılmasıdır.
İslahat gündəliyinin əsas müddəalarından biri də universitetimizdə verilən ali iqtisadi təhsilə, universitetimizin əsas missiyasına yeni konseptual baxışın formalaşdırılmasından ibarətdir. Müasir çağırışları nəzərə alaraq, müasir bilikləri mənimsəyən, təkçə öyrənən deyil, həm də tədqiqatçı yanaşması və bacarığı ilə yeni fikir və baxışlar “istehsal edən” mütəxəssis yetişdirən universitet modelini formalaşdırmaq məqsədlərimizdəndir. Dövrün tələblərini adekvat qiymətləndirmək, daim müasirləşən institutsional mühiti təmin etmək ancaq elm və təhsilin vəhdətində görünür.

Universitetlər təkcə formal biliklərin verildiyi təsisatlar deyildir. Tələbə öz gəncliyinin universitet dövründə bir çox qeyri-formal bilik və normalar da mənimsəyir. Universitetimiz tələbələr üçün milli dəyərlərə bağlılıqda nümunə olmaqla yanaşı, həm də bu dəyərlərin gənclərə aşılanmasında ən effektiv təsisatlardan birinə çevrilməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans”da gənclərin kosmopolit ruhda tərbiyəsinin həm cəmiyyət, həm də gənclərin özü üçün formalaşdırdığı təhlükələr haqda tövsiyələri İqtisad Universitetində rəhbər tutulur. Qabaqcıl dünya təcrübəsi də göstərir ki, müasir universitet bir çox milli ənənələrin yaşadıldığı, bu ənənələr əsasında inkişaf istiqamətlərinin müəyyən edildiyi yer olmalıdır və bu da universitetimizin əsas missiyasıdır.

Keyfiyyətli bilik müvafiq müəllim-tələbə münasibətlərini tələb edir. Bu baxımdan müəllim və tələbənin yaradıcı əməkdaşlığı ön plana çıxır. Təhsil tələbənin bacarığının inkişafına yönəlməli və universitet təhsilinin məqsədlərilə tələbələrin maraqları uzlaşmalıdır. Müəllim və tələbə münasibətlərinə nəzarət edən və nəzarət olunandan daha çox qarşılıqlı əməkdaşlıq münasibətlərinə transformasiya olunmasına hədəflənirik.
Nüfuzlu xarici universitetlərin təcrübəsinin təhlili Liberal Arts bakalavr təhsili modelinə diqqəti artırır. Belə ki, ilk kurslarda tələbələr ixtisaslaşma seçmədən ümumi ali təhsilin əsaslarını mənimsəyirlər. Bu zaman konkret sahə üzrə ixtisaslaşmadan daha çox həmin sahə üzrə təfəkkürün formalaşması daha əhəmiyyətli hesab olunur. Eləcə də bu model güclü “fundament” yaratdığından “üstqurumu” təkmilləşdirmək və yaxud zəruri olduğu halda qısa müddətdə tamamilə yeniləmək üçün əlverişli şərait yaradır. Bu modelin ən böyük üstünlüyü əmək bazarının tələblərinə uyğun olaraq, məzunun işlə təmin olunmasına yardım etməkdən ibarətdir. Ölkəmizdə mövcud Qaydalar da Liberal Artsın tətbiq edilməsi üçün geniş imkanlar yaradır. Belə ki, təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə əlavə təhsil alması məqsədilə müvafiq ixtisasların fənnini seçmək hüququ da verilir və həmin tələbələrə ikinci bakalavr dərəcəsi və diplom təqdim olunur.
Təsdiq olunmuş yeni təhsil standartları da tədrisin keyfiyyətinin artırılması ilə yanaşı, Liberal Arts baxımından tamamilə yeni imkanlar açır. Belə ki, yeni standartlarda tələbənin sərbəst işinə əlverişli şərait yaratmaqla auditoriya saatlarının azaldılması, ixtisaslar üzrə əmək bazarının tələblərinə uyğun olaraq kompetensiyaların yenilənməsi və s. ilə yanaşı müxtəlif ixtisaslar üzrə tədris proqramları ilk illər üzrə unifikasiya edilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetində MBA səviyyəsində tədris planları tamamilə yenilənmiş və beynəlxalq tələblərə uyğunlaşdırılmışdır. İsveçrənin UBİS, Kanadanın Alert, Almaniyanın Qərbi Drezden Texniki Universitetində ADİU-nun MBA proqramına yüksək qiymət verilmişdir. Hazırda magistratura səviyyəsində tədris planlarının əsaslı surətdə yeniləşməsi işləri tamamlanmaq üzrədir.

ADİU sabahın keyfiyyətli ali təhsil modeli olan SABAH-ın ən fəal iştirakçılarındandır. SABAH-da təhsil alan tələbənin təxminən 1/3-nin bizim universiteti seçməsi, burada yaradılmış fərqli mühit, əsasən, xaricdə təhsil almış müəllimlərin SABAH-da tədrisə cəlb edilməsi və s. keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaratmışdır.
Universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də İngilis Dilində Tədris Mərkəzinin yaradılmasıdır. Yeni fəaliyyətə başlayan Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi də universitetdə təhsilin keyfiyyətinin rəqabətqabiliyyətli edilməsi sisteminin yaradılmasına ciddi töhfə verəcəkdir.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından həyata keçirilmiş layihələrdən biri “Özünü sına” – elektron imtahan proqramıdır. Elektron proqram vasitəsilə tələbələr on-line rejimdə imtahandan qabaq özlərini sınaya bilərlər. Proqram həm də universitetimizin tələbəsinin start-up layihəsidir.

Son dövrlərdə universitet reytinqləri ali təhsil sistemində ən vacib və ciddi amillərdən birinə çevrilmişdir. Həmin reytinqlər ilkin olaraq universiteti seçmək üçün tələbələrə yardım məqsədilə düşünülsə də hazırda universitetlərin səviyyəsini qiymətləndirmək üçün böyük təsirə malikdir. Aparılan sorğuların nəticələri göstərir ki, 171 Avropa universitetinin 60 faizi reytinqlərdən strateji qərar qəbul etmək, 80 faizi isə reklam və marketinq məqsədləri üçün istifadə edir. Eləcə də təhsil müəssisələrinin 86 faizi reytinqlərdə öz yerlərini, 75 faizi isə rəqib universitetlərin nailiyyətlərini izləyirlər.
Reytinqlər müxtəlifdir. “Şanxay” reytinqi yoxlanılan faktlara əsaslandığı üçün kifayət qədər sərt sayılır. Burada ən vacib göstəricilərdən biri reytinq verilən universitetin məzunlarından Nobel mükafatı laureatının olmasıdır. Bu reytinqdən fərqli olaraq faktlara deyil, qiymətləndirilməyə əsaslanan “Times” nisbətən daha “asan” reytinq sayılır. QS reytinqi ən “asan” reytinq kimi qəbul olunur və ali təhsil müəssisəsinin cəmiyyətdə necə qəbul edildiyini və məzunlara tələbin olub-olmamasının qiymətləndirilməsinə əsaslanır. Azərbaycan Dövlət İqtisad Universitetinin yuxarıda qeyd olunmuş “çətin” və “asan” reytinqlərdə yer almaması fəaliyyət istiqamətlərimizi müəyyən edən amillərdəndir.
Universitetimizin kadr potensialının gücləndirilməsi ən əsas vəzifələrdəndir. Hazırda reallaşdırılmasına başladığımız “gənc professor” layihəsi bu baxımdan çox vacibdir. Layihə universitetimizdə çalışan və fəlsəfə doktoru dərəcəsinə malik gənc və perspektivli alimlər üçün elmlər doktoru elmi dərəcəsi almağa əlavə imkanlar yaradır. Eləcə də yaxın dövrdə Türkiyənin bir sıra nüfuzlu ali təhsil ocaqlarında ADİU üçün fəlsəfə doktoru hazırlığına başlanılacaqdır.
Qəbul edilmiş tələbələrin və işçilərin “Universitetdaxili Davranış Qaydaları” tədris intizamının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Tədris intizamının gücləndirilməsi məqsədilə universitetdə “Daxili audit” şöbəsi yaradılmış, qiyabi təhsilin effektiv təşkilinə nail olmaq və onun keyfiyyətini artırmaq məqsədilə qiyabi təhsil vahid bir mərkəzdə birləşdirilmişdir.
Tədrisin təşkili və idarə edilməsinin, həmçinin tələbələrə və əməkdaşlara göstərilən inzibati xidmətlərin tamamilə elektronlaşdırılması işləri davam etdirilir.
Rəhbərlik-əməkdaş, rəhbərlik-tələbə, müəllim-tələbə və universitet-cəmiyyət münasibətləri baxımından vacib olan “Marketinq və Kommunikasiya Departamenti”, universitetin tamamilə yeni “web portal”ı yaradılmış, “Qaynar xətt” fəaliyyətə başlamış, rektorun və universitetin “facebook” sosial şəbəkəsində müvafiq səhifələri açılmış və hər ay “Açıq qapı” günü keçirilir.
Universitetin elmi strukturları “Elm və innovasiya” Mərkəzində birləşdirilmiş, Texnologiya Transfert Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasının əsas məqsədi ADİU-nun innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, universitet ilə biznes qurumları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması və universitet əməkdaşlarının apardığı elmi tədqiqatlardan əldə olunan nəticələrin real sektora transferinin təmin edilməsidir.
Tələbələrimizin universitetin idarə edilməsi prosesinə cəlb olunması ilə yanaşı, onlarda özünüidarəetmə bacarığının formalaşdırılması üçün yeni layihələr həyata keçirilir. Bu baxımdan “Tələbə Rektor” layihəsini xüsusi qeyd etmək lazımdır. Keçən ilin aprel, may və iyun aylarında həyata keçirilmış birgünlük “Tələbə Rektor” layihəsinin müsbət nəticələrini əsas tutaraq, bir il ərzində çalışacaq “Tələbə Rektor” layihəsinə start verilmiş və tələbələrin səsçoxluğu ilə birillik Tələbə Rektor seçilmişdir.
Tələbələrimizin sosial layihələrə cəlb edilməsi üçün də şərait yaradılmışdır. Bu baxımdan “İqtisadçı Tələbə Dəstək” İctimai Birliyinin yaradılmasını xüsusi qeyd etmək olar. Cəmiyyət çox qısa müddət ərzində çoxlu sayda xeyriyyə tədbirləri reallaşdırmışdır.

Tələbələrin biznes biliklərinə və bacarıqlarına yiyələnməsini prioritet istiqamət kimi müəyyənləşdirən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da haqlı olaraq qeyd edilir ki, son 30-40 il ərzindəki elmi-texniki tərəqqi, innovasiyalar və müasirləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktiki bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə isə strategiyada göstərildiyi kimi əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyəti ilə yanaşı, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Eyni zamanda, səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa da daha effektiv təsir göstərir.

Universitetimizdə “Biznes Mərkəzi” yaradılmış və bu çərçivədə reallaşdırılan “İnnovativ Biznes-İnkubator” (İBİ) layihəsi bu sahə üzrə ölkəmizdə ilk universitet təşəbbüsü və layihəsi hesab oluna bilər. İBİ 15 iyul 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə ADİU arasında imzalanmış müqaviləyə əsasən yaradılmışdır. “İnnovativ Biznes-İnkubator”un əsas fəaliyyət istiqaməti – tələbə “startap”larının təşkili və onların inkişafıdır. Hazırda İBİ-də 7 “startap”la yanaşı, təlim, biznes klinik və kovorkinq mərkəzi də fəaliyyət göstərir. Universitetin professor-müəllim heyətini təhsil, eyni zamanda elmi-innovativ layihələrə cəlb etmək, tələbə “startap”larına tədris-metodiki, maddi-texniki, psixoloji, maliyyə dəstəyi vermək yolu ilə ölkəmizdə gənc menecer və sahibkarların yetişdirilməsinə xidmət göstərməyi İBİ-nin əsas məqsədlərindəndir. Qısa müddət ərzində “İnnovativ Biznes-İnkubator” tələbələrin təşəbbüskarlıq meyillərini artırmaqla yanaşı, universitetə müxtəlif mənbələrdən maliyyə vəsaitinin cəlb olunmasına zəmin yaratmışdır. Artıq bu istiqamətdə real nəticələr əldə edilmiş, “İnnovativ Biznes-İnkubator” bir sıra təşkilatlardan müxtəlif layihələrin icrası ilə bağlı sifarişlər almışdır.

ADİU-da həyata keçirilən kompleks fəaliyyətin prioritet istiqamətlərindən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Universitetin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri özündə ehtiva edir.

ADİU dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamış, Almaniyanın Ziqen Universiteti (Siegen University), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and International Studies), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge International School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya universitetləri ilə fəal əməkdaşlıq edir.

Türkiyənin İstanbul Universiteti ilə birgə yaradılmış Türk Dünyası İşlətmə fakültəsinin məzunlarına ADİU və İstanbul universitetlərinin diplomu verilir.

ADİU İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramını, Litvanın Mikolas Romeres Universiteti arasında maliyyə ixtisası üzrə birgə magistratura proqramı həyata keçirir. 2015-ci ilin yayında hər iki proqramı bitirəcək ilk məzunlar ADİU diplomu ilə yanaşı, həmin xarici universitetlərin diplomunu alacaqlar.

2015-ci ilin fevralında ADİU ilə dünyanın ən nüfuzlu universitetlərindən olan Kolumbiya Universiteti (Columbia University) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, ADİU tələbələri Kolumbiya Universitetində bir semestr ərzində təhsil almaq, həmçinin 6 həftəlik yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər.

2014-cü ilin iyulunda Vilnüsdə ADİU, Mikolas Romeris Universiteti və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyinin təşkilatçılığı ilə “ÜTT-nin qlobal iqtisadiyyatda rolu” mövzusunda birgə Yay Məktəbi keçirilmiş, 10 ADİU tələbəsi və 10 litvalı tələbə hər iki universitetin kreditlərini qazanmışlar. 2015-ci ilin yayında “Rəqəmsal iqtisadiyyat əsrində beynəlxalq biznesin inkişafında ÜTT-nin rolu” mövzusunda növbəti Yay Məktəbinin keçirilməsi nəzərdə tutulmuşdur.

2015-ci ilin 14-15 fevral tarixlərində ilk dəfə olaraq Rusiya Federasiyasının Ali İqtisad Məktəbi (Высшее Школа Экономики) (AİM) ADİU-da olimpiada keçirmişdir. Olimpiadanın qalibləri AİM-in magistraturasına imtahansız qəbul olunmaq, ödənişsiz və təqaüd almaqla təhsil almaq hüququ qazanacaqlar.

2014-cü ildə imzalanmış müqaviləyə əsasən, Yunanıstanın Qərbi Makedoniya Texnoloji İnstitutu ilə birgə kadr hazırlığına dair razılıq əldə olunmuşdur. Bu razılaşmanın nəticəsi olaraq universitetimizin professor-müəllim heyəti ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə cəlb ediləcək. Belə ki, Qərb Makedoniya Texnoloji İnstitutunda 120 kredit həcmində magistr proqramının 30 krediti bizim müəllimlər tərəfindən həmin universitetdə tədris ediləcəkdir.

ADİU Mevlanə Mübadilə Proqramında fəal iştirak edir. Bu proqram çərçivəsində Türkiyənin 27 universiteti ilə əməkdaşlıq protokolu imzalanmışdır. 2014/2015-ci tədris ilində Mevlanə Proqramından faydalanan müəllim və tələbələrin sayı təxminən iki dəfə artmışdır. Bütövlükdə, Mevlana Proqramı çərçivəsində 20-yə yaxın türkiyəli professor 1-2 həftə ərzində ADİU-da tədris prosesində iştirak etmişdir.

ADİU Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU), Avropa Universitetlər Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin (CUA) və digər bu kimi təşkilatların üzvüdür.

ADİU-da “Dünya Bankının İctimai-İnformasiya Mərkəzi” və “ÜTT İstinad Mərkəzi” fəaliyyət göstərir və universitetimiz UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.

Bütövlükdə, Azərbaycan Dövlət İqtisad Universiteti təhsilin inkişafı üzrə ölkəmizdə həyata keçirilən yeniliklərə uyğun olaraq dəyişəcək və əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığını təmin edən sistemin yaradılması istiqamətində səylərini artıracaqdır.

379 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno