UNEC Çində yaradılan universitetlər Alyansına üzv qəbul olunub

23 SENTYABR 2016 | VIEWS:
1774

Çin Xalq Respublikasının Dunhuanq şəhərində “Kəmər və Yol Universitetləri Alyansı”nın ilk Forumu (1st Forum of University Alliance of Belt and Road) keçirilib. İki gün davam edən forum çərçivəsində üzv universitetlər arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov təmsil edib. Forumda UNEC-in Alyansa üzv qəbul olunmasına dair qərar qəbul edilib. Bununla da, UNEC Cənubi Qafqaz regionundan Alyansa üzv qəbul edilən ilk universitet olub.

Ş.Bayramov həm də Dunhuanq şəhərində keçirilən “1-ci İpək Yolu Beynəlxalq Mədəniyyət Expo” (The First Silk Road International Cultural Expo) tədbirində iştirak edib. Çin hökumətinin təşəbbüsü və Çinin Gansu vilayətinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 85 ölkəsindən 2000-ə yaxın iştirakçı qatılıb. İki gün davam edən tədbir çərçivəsində İpək Yolu üzərində yerləşən ölkələr arasında tarixi əlaqələrin bərpası və mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələləri müzakirə olunub. Ş.Bayramov tədbirin sessiya iclasında sözügedən regionu təmsil edən universitetlər arasında beynəlxalq əlaqələrin inkişafına dair məruzə ilə çıxış edib.

Qeyd: Çinin Lanzhou Universitetinin təşəbbüsü ilə 2015-ci ildə yaradılan “Kəmər və Yol Universitetləri Alyansı”nın əsas məqsədi tarixi İpək Yolu üzərində yerləşən ölkələrin ali təhsil müəssisələri arasında hərtərəfli əməkdaşlığın inkişafına dəstək göstərməkdən ibarətdir. Hazırda Alyansın 23 ölkədən (Çin, Malaziya, Pakistan, Ukrayna, Qırğızıstan, ABŞ və s.) 125 üzvü vardır.

1775 1