UNEC-in əbədi tələbəsi

19 AVQUST 2017 | VIEWS:
1483

Bu gün UNEC-in əbədi tələbəsi İlqar Əbilhəsənovun doğum günüdür. Yaşasaydı, 50 yaşını qeyd edəcəkdi…

Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967-ci ildə Bakıda anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub. Atası və qardaşı kimi hərbçi olmaq istəyən İlqar üç il əyani şöbədə oxuduqdan sonra axşam növbəsinə keçərək, milis orqanlarında işə başlayıb. V kursda oxuyanda Yasamal rayon milisində serjant vəzifəsində çalışıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olanda iş başında olan İlqarın növbəsinin bitməyinə lap az qalmışdı. Gecə 12 radələrində yaralanan İlqar Əbilhəsənov xəstəxanada vəfat edib. Oxuduğu Bakı şəhər Nəsimi rayon 42 saylı orta məktəb bu gün onun adını daşıyır.

Şəhidin ailə üzvləri mütəmadi olaraq UNEC-ə gələrək, burada ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edir, İlqar barədə xatirələrini UNEC-in professor-müəllim və tələbə heyəti ilə bölüşürlər. İlqarın qardaşı Yavər Əbilhəsənovun unec.edu.az saytına müsahibəsini təqdim edirik:

– Ailədə beş uşaq idik, İlqar sonbeşiyimiz olub. Çox dəcəl və xeyirxah uşaq idi. Ailəmizdə hamı hərbçidir, atam da, mən də. O da bizə bənzəmək istəyirdi. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəldi. Bu sahəyə sırf forma geyinmək üçün keçdi, çox istəyirdi ki, “paqonları” olsun…

– Hadisə baş verən zaman iş başında idi?

– Bəli. O vaxt Yasamal rayon milisində serjant idi. İki il idi çalışırdı. V kursda oxuyurdu. Növbəsinin bitməyinə lap az qalmış, gecə 12 radələrində yaralanıb… Hadisə baş verəndə mən Naxçıvanda iş başında idim. Xəbəri aldım… Yollar bağlı idi, təyyarə ilə özümü çatdırdım. Güllə qara ciyərini dağıtmışdı. Əməliyyat beş saatdan çox çəkdi, qara ciyərini götürdülər… Şəhərdə vəziyyət çox gərgin idi. İlqarı əməliyyat edən günü xəstəxananın işıqlarını da kəsmişdilər. Həkimlər qəzetləri yandırıb əməliyyatı onun işığında edirdilər.Əməliyyatdan sonra iki gün yaşadı, amma ağır idi, həkimlər ümid vermirdi… Halsız idi, heç nə danışa bilmirdi. Sonuncu günü isə… Anam, atam, bütün ailə yanında idik. Halsız vəziyyətdə uzanmışdı. Onda danışdı…

– Nə dedi?

– Bircə kəlmə dedi ki, “məni bağışlayın, mən getdim”. Onu deyib, keçindi… Başqa söz deyə bilmədi… Biz uzunömürlü nəsilik. Babalarım yüzdən çox ömür yaşayıblar. İlqarın dərdi isə valideynlərimi həyatdan tez apardı. Son günlərinə kimi hər həftə Şəhidlər Xiyabanına gedirdilər… İndi isə balalarımız gedir. Əmiləri ilə fəxr edirlər. Mən isə gedə bilmirəm. Gözümün qabağında böyüyən uşağın məzarına baxa bilmirəm. Yadıma uşaqlığı gəlir… Çox dəcəl idi, elə hey ora-bura qaçırdı. Elə bil harasa tələsirdi. Sanki hər şeyi 22 ilə sığışdırmaq istəyirdi, amma sığışdıra bilmədi…Vətənini çox sevirdi…

– Ailəli idi?

– Yenicə nişanlanmışdı. Yayda, məzun olan kimi toyunu edəcəkdik. Faciədən sonra uzun müddət nişanlısı matəm saxladı. Sonra ailə qurdu və övladına İlqarın adını verdi. Bu günə qədər də ailəmizlə əlaqə saxlayır…

1484 1