UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Beynəlxalq iqtisadiyyat”, “Nəzəri və praktiki iqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi” və “İqtisadi nəzəriyyə” kafedraları ləğv edilərək onların bazasında “İqtisadiyyat” kafedrası yaradılmışdır.
“İqtisadiyyatın tənzimlənməsi” kafedrası hələ 30-cu illərdən «Xalq təsərrüfatının iqtisadiyyatı», «Xalq təsərrüfatının planlaşdırılması», «Plan-iqtisad» və başqa adlarla fəaliyyət göstərmişdir. Yəni kafedranın tarixi əslində İqtisad Universitetinin tarixi ilə bərabər inkişaf etmişdir.
Keçmiş Sovetlər birliyinin dağılması ilə ictimai quruluşda, iqtisadiyyatda baş verən dəyişikliklər kafedranın profilinin yeniləşməsini tələb etdi. Bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq kafedranın adı dəyişdirilərək, «İqtisadiyyatın tənzimlənməsi» kafedrası 2006-cı ildən «Makroiqtisadi tənzimləmə», 2009-cu ildən yenidən «İqtisadiyyatın tənzimlənməsi» adlanmışdır. 1999-cu ildə kafedranın tərkibinə daha bir ixtisas yönümlü bölmə, hüquqşünaslar qrupu da birləşmişdir. Həmin bölmə «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə kadr hazırlayırdı. Sonralar bu ixtisas həmin kafedranın tərkibindən çıxarılaraq «İqtisadi hüquq» adı ilə müstəqil kafedraya çevrildi. 2017-ci ilin oktyabr ayında “İqtisadi hüquq” kafedrası “İqtisadiyyatın tənzimlənməsi” kafedrasıının nəzdinə verilmişdir.
Kafedraya 1966-1972-ci illərdə dos. Əfrasiyab Mürsəlov, 1982-1985-ci illərdə dos. K.Q.Sultanov, 1986-1991-ci illərdə dos. A.Q.Stolbov, 1991-1992-ci illərdə dos. Z.Məmmədov, 1992-1997-ci illərdə dos. K.F.Sadıqov, 1979-1982 və 1997-2006-cı illərdə prof. H.B.Allahverdiyev rəhbərlik etmişlər. Hazırda kafedraya i.e.d., prof. Məhiş Əhmədov rəhbərlik edir.
Kafedra xalq təsərrüfatının müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Kafedrada tədris olunan fənnlər müasir dövrün tələblərinə cavab verən və dünya təhsil sistemində qəbul olunmuş ixtisasları dərindən mənimsənilməsinə yönəldilmişdir. Bu fənnlər üzrə yeni dərslik, dərs vəsaitləri, metodik göstərişlər, proqramlar tərtib olunmuş və nəşr edilmişdir.
2007-ci ilə kimi kafedrada «İqtisadiyyatın dövlət tənzimlənməsi» və «İqtisadiyyatın hüquqi tənzimlənməsi, 2007-2008-ci tədris ilindən isə Bakalavr və magistr pilləsində yalnız «İqtisadiyyatın tənzimlənməsi» ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. 2014-cü ildən «İqtisadiyyatın tənzimlənməsi» ixtisası “İqtisadiyyat” ixtisası adlandırılmışdır.
Kafedranın ümumi elmi istiqamətinə uyğun olaraq bu illərdə onun əməkdaşları, qloballaşma şəraitində Azərbaycanda milli iqtisadiyyatın formalaşdırılması, strukturunun təkmilləşdirilməsi, regionların sosial-iqtisadi inkişafının dövlət tənzimlənməsi, sosial-iqtisadi inkişafın, məşğulluğun, sosial infrastrukturun, dövlətin sosial siyasəti və onun reallaşdırılmasının dövlət mexanizmi və s. ilə bağlı elmi-metodoloji və əməli xarakterli elmi-tədqiqat işləri aparmışlar.
Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması sosial-iqtisadi proseslərin dövlət tənzimlənməsi mexanizminin xarakterini və təsir vasitələrini müasir dövrdə mühüm dəyişikliyə uğradır. Bunu nəzərə alaraq kafedranın əməkdaşları «Milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsinin vasitələri, mexanizmləri, əsas istiqamətləri və problemləri» mövzusu üzrə elmi-tədqiqat işləri aparır.
Kafedrada fəlsəfə doktoru elmi dərəcəsi proqramı üzrə və elmlər doktoru proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
Məsləhətçi
h.e.d. Əfəndiyev Oktay Firidun – prof.-məsl.
*