Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral və səfirliyin təhsil müşaviri cənab Abdulqafur Büyükfırat UNEC-də olub.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC Türkiyənin nüfuzlu universitetləri ilə “Erasmus+”, TEMPUS layihələri və Mevlana proqramı çərçivəsində uğurlu əməkdaşlıq edir, müəllim-tələbə və təcrübə mübadilələri həyata keçirir. UNEC-də olmaqdan məmnunluğunu bildirən səfir Türkiyə-Azərbaycan münasibətlərinin bütün Türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib.
Sonra qonaqlar UNEC tələbələri ilə görüşüb.
UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov görüşün “İslam Həmrəyliyi İli” çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkə Prezidentinin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin islam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyər, böyük töhfədir. Bu, ölkədə islami dəyərlərə verilən önəmdən, Azərbaycanla islam ölkələri arasında əməkdaşlığın inkişafına xüsusi diqqətdən irəli gəlir.
Türkiyə-Azərbaycan münasibətlərini Ulu Öndərin sözləri ilə “Bir millət – İki dövlət” kimi dəyərləndirən səfir bu münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edib. Xalqlarımızın əsrlər boyu dostluq, qardaşlıq münasibətində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib.
“UNEC-in bizim üçün xüsusi yeri var” deyən səfir, Türk Dünyası İşlətmə Fakültəsində tədrisin türk dilində olmasına diqqət çəkib. UNEC-in Türkiyə universitetləri ilə sıx əməkdaşlıq etməsini yüksək qiymətləndirib.
Sonra səfir tələbələrə savadlı olmağı, peşəkar kadr kimi yetişməyi, Vətəni sevməyi, Türkiyənin və Azərbaycanın milli maraqlarını üstün tutmağı tövsiyə edib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və istəkləri dinlənilib.