İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun (İTİDF) və “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının təşkilatçılığı ilə keçirilən elmi seminarda Texnologiya və dizayn fakültəsinin professor-müəllim heyəti, İnformasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin istiqamətlərindən danışan “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva UNEC-də yaradılan “Texniki Təhsil Qrupu”nun qarşısında qoyulan vəzifələri açıqlayıb. Ölkədə startap hərəkatının genişlənməsi, innovativ layihələrin inkişafı və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparılmasının vacibliyini qeyd edən T.Əliyeva seminarın İTİDF ilə əməkdaşlıq çərçivəsində keçirilməsinin səmərəli olacağını iştirakçıların nəzərinə çatdırıb.
Elmi seminarda UNEC-in SABAH Mərkəzinin müəllimi, İTİDF-nin Layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov məruzəsi ilə çıxış edib. Fondun əsas məqsədlərinı açıqlayan A.Cəfərov innovativ sahibkarlığın, intellektual biznesin və startap ekosisteminin inkişafında ali məktəblərdə yaradılan innovativ binzes inkubatorların, texnoloji transfer mərkəzlərinin, akseleratorların, həmçinin Fondun dəstək proqramlarının rolu və mexanizmləri haqqında məlumat verib. O, Fond tərəfindən keçirilən 5 qrant müsabiqəsi üzrə qalib olan 112 layihənin 29-nun tələbələr tərəfindən təqdim edildiyini, bu günə kimi Fondun ölkənin 10-a yaxın aparıcı ali məktəblərində innovativ biznes inkubatorlarının yaradılmasına dəstək verdiyini xüsusi vurğulayıb.
Seminarda mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. “Fizika və kimya” kafedrasının müdiri, professor Rövnəq Rzayev elmi tədqiqat işlərinin aparılmasında informasiya texnologiyalarının yalnız tətbiqinə deyil, eyni zamanda onların inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi məsələlərinə toxunub. “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyev elmi seminarın mövzusunun aktuallığını vurğulayaraq, bu əməkdaşlıq çərçivəsində UNEC-in müəllim və tələbə kollektivinin mövcud layihələr, onların planlaşdırılması və həyata keçirilməsi prosedurları haqqında geniş məlumatlandırılmasının daima diqqətdə saxlanılmasını təklif edib. Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov fakültənin professor-müəllim heyətini, tələbələri startap layihələrinə cəlb etmək məqsədilə gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.
Sonda iştirakçıların sualları cavablandırılıb.