Rus İqtisad Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə UNEC-in bütün fakültələrinin tələbələri təmsil olunub.
UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tələbələri Gənclər Günü münasibətilə təbrik edərək, onlara bu günün yaranması tarixindən danışıb. Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu diqqətə çatdıran prorektor, bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsis edildiyini vurğulayaraq, bunu gəncliyə göstərilən diqqət və qayğının nümunəsi kimi qiymətləndirib. S.Qəndilova cənab prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin uğurla davam etdiyini bildirib.
Tədbir musiqili və yumoristik viktorina ilə davam edib. Viktorinada Azərbaycan filmlərindən musiqi parçaları səsləndirilib. Komandaların fəal iştirak etdiyi viktorinada Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri sualları daha çevik cavablandıraraq qalib olublar. 2-ci yeri Texnologiya və Dizayn fakültəsi, 3-cü yeri isə SABAH qruplarının tələbələri qazanıb.
Qaliblərə kubok, medal və Azərbaycanın korifey sənətkarlarının musiqilərindən ibarət disklər təqdim olunub.
Yumoristik viktorina isə “Nə? Harada? Nə zaman?” formatında təşkil olunub. Komandalara yumorlu suallar təqdim olunub. Bu viktorinanın da qalibi İSE tələbələri olub. 2-ci yerə SABAH, 3-cü yerə isə Biznes nə menecment fakültəsinin tələbələri layiq görülüb. Qalib komandalar kubok, medal və müxtəlif mövzulara həsr olunan ensiklopediyalarla mükafatlandırılıblar.