UNEC-də elektron kargüzarlığın təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilib.
Təlimlər Elektron Sənəd Dövriyyəsi Sistemi istifadəçilərinin işləmə vərdişlərinin, eləcə də elektron kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə aparılıb.
UNEC–in Ümumi şöbəsinin müdiri Rəşad Muradov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Fərmanına əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 2015-ci il 14 iyul tarixli Fərmanı ilə edilən əlavə və dəyişikliklərdə respublikada fəaliyyət göstərən bütün təşkilatlara kargüzarlığın elektron formada aparılması hüququnun verildiyi qeyd olunub. Bu fərmandan irəli gələrək, UNEC rektoru, professor Ədalət Muradovun müvafiq tapşırığına əsasən, 2015-ci ildən universitetdə Elektron Sənəd Dövriyyəsi Sistemi tətbiq edilir və kargüzarlıq elektron formada aparılır.
Elektron sənəd dövriyyəsinin üstünlüklərindən danışan R.Muradov qeyd edib ki, elektron kargüzarlığa keçid idarəetmədə operativliyi və şəffaflığı təmin edib. Sistem vasitəsilə universitetə daxil olan müraciətlər qısa müddət ərzində cavablandırılır və sənəd dövriyyəsi ötən illərlə müqayisədə 2 dəfə artıb. Elektron sənəd dövriyyəsi həm də universitetdə kağızdan istifadəni minimuma endirib.
UNEC–də hazırda Elektron sənəd dövriyyəsində 95 struktur bölmənin cəmləşdiyini diqqətə çatdıran R.Muradov, gələcəkdə istifadəçilərin sayının artırılacağını bildirib.
İki gün davam edən təlimlərdə UNEC–in Elektron Sənəd Dövriyyəsi Sisteminin test versiyası üzərindən sənədlərin hazırlanması, imzalanması, göndərilməsi və digər prosesləri izah edilib.
Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İstifadəçilər gələcəkdə təlimlərin tədris binalarında qruplar üzrə aparılmasını təklif ediblər.