Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyevanın “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı keçirilib.
Kitab təqdimatına görkəmli şair, dramaturq, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, Tehran Rudhen Universitetinin doktoru Hüseyn Soytürk, Biznes və menecment fakültəsinin professor-müəllim heyəti, tələbələri qatılıb.
Xalq şairi Nəriman Həsənzadə əsəri yüksək dəyərləndirərək, onun Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqrafiyası haqqında əvəzsiz əsər olduğunu bildirib. Tehrandan olan qonaq H.Soytürk fars dilində də çap edilən kitabın İran oxucuları üçün faydalı olacağını xüsusi vurğulayıb. Fakültə dekanı dos. Mirağa Əhmədov bildirib ki, UNEC-də yalnız görkəmli iqtisadçılar deyil, ədəbiyyat, mədəniyyət sahəsinə mühüm töhvə verən Maarifə xanım kimi görkəmli alimlər də çalışır.
Müəllif Maarifə Hacıyeva bildirib ki, milli-mənəvi dəyərlərə daha çox üstünlük verdiyi kitabında müasir ədəbi proses, bu prosesin tarixi və ədəbi folklor qaynaqları, müstəqillik dövründə əldə olunan ədəbi töhvələr, portret yazılar əsasında təhlillər aparılıb, Türk və Azərbaycan ədəbi mədəni əlaqələrinin tarixi köklərinə diqqət ayrılıb.
Sonda “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabı müəllifin imzası ilə ilk oxucularına hədiyyə edilib.