Ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri bəlli olub. 1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell təqaüdü qazanıb. Onların arasında UNEC-in SABAH qruplarının III kurs tələbələri Ramal Verdiyev, İlkin Sultanov, Ramil Kərəmli, IV kurs tələbələri Elnarə Məmmədzadə, Mayıl Məmmədli və Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi Nicat Behbudov da var.
Azercell Təqaüd Proqramı sentyabrın 15-də elan olunub. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət etmək imkanı əldə etmişlər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün də şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.