“UNEC: dünya səviyyəli universitet”

11 YANVAR 2017 | OXUNUB:
571

Rusiyanın nüfuzlu “Деловая Россия” federal jurnalının dekabr ayının buraxılışının xüsusi bölməsi Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyinə və Prezident İlham Əliyevin yubileyinə həsr edilib. Əsasən, iqtisadi və sosial mövzuların geniş yer aldığı jurnalda “UNEC: dünya səviyyəli universitet” adlı məqalə dərc edilib.

Məqalədə UNEC-də həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. 18 minə yaxın bakalavr, magistr, doktorantın təhsil aldığı və 1650 professor-müəllim və inzibati heyətin fəaliyyət göstərdiyi universitetin Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olduğu bildirilib.

Azərbaycanın iqtisadiyyat və biznes sahəsində peşəkar kadr hazırlayan əsas təhsil müəssisəsi olan UNEC-də müxtəlif istiqamətlərdə fundamental elmi tədqiqatların aparıldığı da qeyd edilib: “UNEC-də fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzində yüksəkixtisaslı iqtisadçı kadrlar müasir innovativ metodlar tətbiq etməklə milli iqtisadiyyatın real sektorunda tələb olunan tədqiqatlar aparırlar. Bu təqdiqatlar UNEC-də təhsilin təkmilləşdirilməsinə də təkan verir”.

Məqalədə UNEC-in beynəlxalq əlaqələrinə də geniş yer ayrılıb. Bildirilib ki, UNEC 30-dan çox ölkənin (Almaniya, Böyük Britaniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Cənubi Koreya, Türkiyə və s.) 100-dən çox nüfuzlu universiteti (Siegen University, London School of Economics, Montpellier University, University of Malaga, Mykolas Romeris University və s.) ilə əməkdaşlıq edir. Bakalavr, magistr və doktorant hazırlığında ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi həyata keçirir. UNEC beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, qabaqcıl qlobal iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in Fəxri doktoru olması və onların İqtisad Universitetdə mühazirələr söyləməsi də məqalədə xüsusi yer alıb.

Məqalədə UNEC-də dörd dildə – Azərbaycan, türk, rus və ingilis dillərində təhsil aparıldığı da bildirilib. Eyni zamanda 11 ixtisas üzrə rus dilində və 5 ixtisas üzrə ingilis dilində təhsil verən Rus İqtisadiyyat Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbinin fəaliyyəti işıqlandırılıb.

Universitetin beynəlxalq reytinqlərdə yer alması da önə çəkilib: “UNEC iki il ardıcıl olaraq dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “Webometrics”in nəticələrinə görə, Azərbaycan universitetləri üzrə birinci olub. Eyni zamanda, 2016-cı ildə ilk dəfə olaraq, QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universitet olmaqla, regionun ən yaxşı 200 universitetidir”.

Məqalədə UNEC-in Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil ocağı olduğu diqqətə çatdırılıb. Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən filialın təhsil sahəsində Azərbaycan-Rusiya əməkdaşlığında əsas rol oynadığı xüsusi vurğulanıb.

“UNEC: университет мирового уровня”  (Журнал “Деловая Россия”)

572 1