Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb.
Rektor bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər davam etdirilir. Prosesin daha səmərəli təşkili və bu sahədəki mövcud problemlərin müəyyən edilməsində keyfiyyət elçilərinin rolu danılmazdır. “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir”, deyən rektor bildirib ki, xüsusi olaraq müəllimlərin Elektron Universitet Modelindən istifadə səviyyəsi və şəxsi kabinetlərə tədris vəsaitlərinin yüklənilməsinə diqqət etmək lazımdır. Ehtiyac yaranacağı təqdirdə müəllimlərə Elektron Universitet Modeli ilə bağlı təlimlər təşkil oluna bilər. Görüşdə auditoriyalarda Elektron tribunanın dərsdən əvvəl işlək vəziyyətə gətirilməsi məsələsinə də diqqət çəkilib. Bu işin qrup nümayəndələrinə həvalə edilməsi təklif edilib.
Görüşdə həmçinin müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində “Qış məktəbi” formatında təlimlərin keçiriləcəyi bildirilib.
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru, dosent Raqif Qasımov keyfiyyət elçilərinin tədris vəsaitlərinin, mühazirə mətnlərinin, test tapşırıqlarının və s. monitorinqini də həyata keçirərək, tədris vəsaitlərinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində layihə təklifi ilə çıxış edib.
Bildirilib ki, keyfiyyət elçiləri üçün xüsusi fərqləndirici nişanlar hazırlanacaq. Onlar UNEC-in bütün tədris binalarında monitorinqlər keçirəcək. UNEC-in Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də monitoriqlərin keçirilməsi nəzərdə tutulub.
Sonda UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı keyfiyyət elçilərinin təklifləri dinlənilib.
Qeyd: UNEC-də 2015/16-cı tədris ilindən keyfiyyət elçiləri fəaiyyət göstərir. Keyfiyyət elçilərinin müəyyən edilməsində elektron universitet platformasını aktiv istifadə edə bilməsi, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas meyar seçilib. Keyfiyyət elçiləri müəyyən olunmuş qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. Tədrisin sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər monitorinqlər zamanı qiymətləndiriləcək kriteriyalara daxildir. Monitorinqlərin nəticələri təhlil edildikdən sonra müəllimlərin daha yüksək səviyyəli tədris həyata keçirə bilməsi üçün təlim ehtiyacları, fənlərin sillabuslarının beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.