UNEC tələbəsi Fəridə Əliyeva IV İslam Həmrəyliyi Oyunlarında karatenin kumite yarışlarında gümüş medal qazanıb.
UNEC-in Türk Dünyası İşlətmə fakültəsində II kursda təhsil alan Fəridə Əliyeva gənclər arasında dünya çempionatının bürünc medalçısıdır.
IV İslam Həmrəyliyi Oyunlarında F.Əliyeva (+68 kq) finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olub. O, karateçilərimizin aktivinə ikinci gümüş medalı yazdırıb. Yarışa dörddəbir finaldan qoşulan UNEC tələbəsi rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub.
Fəridə Əliyeva UNEC-də beynəlxalq münasibətlər ixtisasında təhsil alır. Gümüş medal sevincini ilk olaraq qrup yoldaşları ilə bölüşən UNEC tələbəsi çempion adını qazanmağı çox arzuladığını bildirib: “Çox çalışırdım. Amma son anda özümə inamı itirdim. Çünki öncəki döyüşlər çox gərgin keçmişdi. Finalda həyəcanlı idim. Bu həyəcan da məni kompleksə saldı. İstədiyim fəndləri icra etməkdə çətinlik çəkdim”.
UNEC-in gümüş medallı tələbəsi IV İslam Həmrəyliyi Oyunlarına qatılması barədə müəllimlərinə və tələbə yoldaşlarına məlumat vermədiyini bildirib: “Düşünürəm ki, xəyalları sözə çevirəndə onların reallaşması çətinləşir. Buna görə də idmançı kimi nailiyyətlərimdən heç vaxt qrupda söz açmamışam. Oxuduğum fakültədə dərs yükü, yazılı imtahanlar kifayət qədər zaman alır. Mən isə dərslərimlə yanaşı, peşəkar idmanla da məşğul olmuşam. Çalışmışam hər ikisini bir-birindən ayrı tutam ki, hər iki sahədə uğur əldə edə biləm. Buna görə də gümüş medal qazanmağım həm müəllimlərim, həm də dostlarım üçün sürpriz oldu. Hamısı onları yarışlara niyə dəvət etmədiyimi soruşurdu…”
F.Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanan tələbə olmağın qürurverici olduğunu bildirıb: “Nüfuzlu yarışla yanaşı imtahanlara da hazırlaşırdım. Yəni heç vaxt idmançıyam deyib, dərslərimi ikinci plana keçirməmişəm. Bundan sonra da hər yerdə qürurla mən UNEC tələbəsiyəm deyəcəyəm!”