İsveç Krallığının Uppsala şəhərində “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” üzrə “Nizami” layihəsinin ikinci seminarı keçirilib.
Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Doktorantura şöbəsinin müdiri Həmid Həmidov və Beynəlxalq əlaqələr departamentinin mütəxəssisi Aysel Musayeva iştirak edib. UNEC əməkdaşları seminar zamanı universitetdə doktorantura sahəsində aparılan yeniliklər barədə məlumat veriblər. Doktorantura səviyyəsinin Avropa standartlarına uyğunlaşdırılması, o cümlədən beynəlmiləlləşdirilməsinin üstünlüklərindən danışıblar. İmpakt faktor jurnallarında məqalələrin dərc olunmasının stimullaşdırılması, analitik laboratoriyaların yaradılması, ikili rəhbərli müqavilələrin bağlanması ilə bağlı geniş müzakirələr aparıblar.
Baş koordinatoru Fransanın Monpelye Universiteti olduğu layihə ilə bağlı keçirilən seminarda UNEC-lə birlikdə digər tərəfdaş universitetlərin nümayəndələri də iştirak ediblər.