Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Babək rayonu Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.
1988-ci illərdə Xalq Hərəkatına qoşulub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. “Qızıl ulduz” medalı ilə təltif edilib.
Ailəli idi, bir övladı var.
*****
Cəbrayılov Nazim İbrahim oğlu 2 mart 1949-cu ildə Ağdam şəhərində anadan olub. 1970-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Ticarətin iqtisadiyyatı” fakültəsini bitirib. Təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Kalininqrad milis məktəbində oxuyaraq, ikinci ixtisas diplomu alıb. Bir müddət çalışdıqdan sonra Vətənə qayıdaraq, 2711 saylı hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində işləyib.
Nazim Cəbrayılov 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olub. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edən baş leytenant N.Cəbrayılov Müdafiə Nazirliyinin əmri ilə tağım komandiri təyin olunub. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. 18 aprel 1994-cü ildə şəhid olub.
Ölümündən sonra Nazim Cəbrayılov ölkənin ən ali mükafatı – “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
15 avqust 1966-cı ildə Ağdam rayonunun Şelli kəndində anadan olub. 1973-1983-cü illərdə Ağdam rayon Şelli kənd orta məktəbində təhsil alıb. 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1990-cı ildə universiteti bitirib. 1990-cı ildə Ağdam rayonunda Şəhər İstehlak Cəmiyyətləri Birliyində mühasib vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Şirin Mirzəyevin yaratdığı könüllülər batalyonuna Ağdam rayonu Şelli kəndindən ilk könüllü olaraq yazılıb. 1992-ci ildə Çıldıran, Qarakənd, Naxçıvanik, Əskəran, Qaraqaya döyüşlərində qəhrəmancasına iştirak edib. Xocalı faciəsi baş verdiyi gün Şelli kəndi yaxınlığında olan Qaraqayada xocalıları döyüş yoldaşları ilə birlikdə xilas edərkən mühasirəyə düşüb. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı günü şəhid olub.
Göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə (1997) təltif edilib.
Ağdam rayonu 1 saylı Şelli kənd orta məktəbi onun adını daşıyır.
*
Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967-ci ildə Bakıda anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub. Atası və qardaşı kimi hərbçi olmaq istəyən İlqar üç il əyani şöbədə oxuduqdan sonra axşam növbəsinə keçərək, milis orqanlarında işə başlayıb. V kursda oxuyanda Yasamal rayon milisində serjant vəzifəsində çalışırdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olanda iş başında olan İlqarın növbəsinin bitməyinə lap az qalmışdı. Gecə 12 radələrində yaralanan İlqar Əbilhəsənov xəstəxanada vəfat edib. Oxuduğu Bakı şəhər Nəsimi rayon 42 saylı orta məktəb bu gün onun adını daşıyır.
*
Səfərov Saleh Səfər oğlu 1 fevral 1954-cü ildə Ağdamda anadan olub. Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) qəbul olunub. 1974-cü ildə İnstitutu bitirib.
1974-76-cı illərdə Ukraynanın İvano-Frankovski şəhərində əsgəri xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra Ağdam rayon maliyyə şöbəsində müfəttiş vəzifəsində çalışıb. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1992-ci ildə iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində işə başlayıb.
Azərbaycan-Ermənistan münaqişəsi vaxtı Ağdam rayonunun müdafiəsində dayanıb. 1993-cü il yanvarın 15-də Ağdamın Qiyaslı kəndində gedən döyüşlərdə şəhid olub.
*
Əliyev Etibar Allahverdi oğlu 6 aprel 1975-ci ildə Bakıda anadan olub. 1982-1992-ci illərdə Səbail rayonundakı 162 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) axşam şöbəsinə daxil olub. Eyni zamanda, Azərbaycan dəmiryolu mətbəəsində fəhlə işləyıb.
İnstitutun I kursunu bitirdikdən sonra, 1993-cü ilin iyun ayında könüllü olaraq, Azərbaycanın Milli Ordu sıralarına yazılıb. Ailənin tək oğul övladı olduğu üçün Etibar döyüş bölgəsinə göndərilməyib. Lakin dekabrın 19-da o, 14 əsgər yoldaşı ilə birlikdə könüllü olaraq, ön cəbhədə xidmət edən ordu sıralarına qoşulub. Etibar Gəncədəki N saylı hərbi hissə tərkibində qısa hazırlıq təlimləri keçdikdən sonra Goranboy istiqamətində gedən açıq döyüşlərə qatılıb. Etibargil Goranboyun Tapqaraqoyunlu və Tərtərin Cəmilli kəndi istiqamətində ağır itkilərlə müşayiət olunan döyüşlərdə Tərtərə qədər gəlib çıxa biliblər. Burada o, Tərtər batalyonuna daxil olub.
1994-cü il may ayında Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə başından qəlpə yarası alan Etibar ilkin tibbi yardım göstərilərək arxaya göndərilir. Döyüş səngiyəndən sonra ön cəbhəyə qayıdaraq döyüş dostlarını axtararkən ermənilər tərəfindən əsir götürülüb. 24 gün Şuşada əsir saxlanıldıqdan sonra, iyunun 4-də erməni əsir ilə dəyişdirilib. Bakıda hərbi qospitala yerləşdirilən Etibar iyulun 10-da tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.
Etibar Əliyev Bakıdakı II “Şəhidlər xiyabanı”nda dəfn edilib.
Oxuduğu Bakı şəhəri Səbail rayon 162 saylı orta məktəb onun adını daşıyır.
*
Məmmədov Elşən Vaqif oğlu 3 iyul 1992-ci ildə Gürcüstanın Bolinisi rayonunda doğulub. Bakı şəhər 115 saylı orta məktəbi bitirib. 2010-cu ildə 459 balla UNEC-in Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollanıb. 25 sentyabr 2015-ci ildə cəbhənin Tərtər rayonu ərazisində döyüş növbətçiliyinə çıxan E.Məmmədov posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gəlib. Şəhid olarkən hərbi xidmətini başa vurmasına 5 gün qalmışdı.
Gürcüstanın Bolnisi rayonunun Zol Göyəc kəndində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif eilib.*
*
17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 36 saylı orta məktəbi bitirib, 2011-ci ildə 541 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Mahirin universitetdə keçirilən vətənpərvərliyə aid bütün tədbirlərdə fəal iştirak edib. 2015-ci ildə UNEC-in İqtisadiyyat və sənaye fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb.
Mahir 2016-cı ildə, aprel hadisələrində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid aprelin 9-da torpağa tapşırılıb.
Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.*
*
Umudov Məhəmməd Eldar oğlu 18 mart 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 5 saylı orta məktəbə gedib, təhsilini 25 saylı riyaziyyat təmüyüllü orta məktəbdə başa vurub. Dörd qardaşın ən kiçiyi olan Məhəmməd həm də karate ilə məşğul olub. Təhsil aldığı hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edib.
Məhəmməd qara kəmər ustası olmaqla yanaşı, riyazi bilikləri ilə məktəbdə xüsusi diqqət cəlb edirdi. 1991-ci ildə orta məktəbi bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Bir semestr təhsil alıb. 1992-ci ildə Xocalı faciəsi baş verdikdən sonra təhsilini yarımçıq qoyaraq könüllü hərbi hissəyə yollanıb. 30 iyul 1992-ci ildə Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin nəşi döyüş meydanından avqustun 9-da çıxarılaraq, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
*
1973-cü ilin oktyabrında Beyləqanın Şərq qəsəbəsində anadan olub. 1990-cı ildə qəsəbədəki orta məktəbi bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) Maliyyə-iqtisad fakültəsinə qəbul olunub. Baxış dərsləri ilə yanaşı, ictimai fəaliyyəti, eyni zamanda xüsusi istedadı ilə də qrup yoldaşlarından fərqlənib. Ancaq Dağlıq Qarabağda müharibə alovlandıqda Baxış təhsilini yarımçıq qoyub, könüllü olaraq döyüşə yollanıb.
Ağburun yüksəkliyində il yarım ən qaynar döyüşlərdə iştirak edən Baxış 1993-cü il, sentyabrın 23-də düşmən hücumunun qarşısını almağa cəhd edərkən, qəhrəmancasına həlak olub. Sentyabrın 25-də doğulub böyüdüyü Beyləqan rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
*
Rzayev Fuad Məmmədəli oğlu 1971-ci il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhər Nizami rayonu 145 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olaraq, Uçot-iqtisad fakütəsində təhsil alıb.
1989-cu ilin dekabrında Fuad Rzayev ordu sıralarına çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1992-ci il oktyabrın 1-dən Nizami rayon Komisarlığının sərəncamı ilə Azərbaycan Respublikasının Milli Qvardiyasında xidmət edib. Təhsilinə qiyabi şöbədə davam edən Fuad Rzayev Dağlıq Qarabağ uğrunda aparılan hərbi əməliyyatlarda, birbaşa Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Fuad Rzayev 1993-cü il iyunun 4-də Gəncə hadisələri zamanı dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi yolunda şəhid olub. İyunun 8-də Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.*
*
İsax Verdiyev 21 sentyabr 1997-ci ildə Rusiyanın Kalininqrad şəhərində anadan olub. 8 saylı məktəbdə ibtidai təhsilini alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Azərbaycana, ata yurdu Tərtərə, 2008-ci ildə isə Sumqayıta köçüblər. Orta təhsilini Sumqayıtdakı 3 nömrəli orta məktəbdə davam etdirib.
2015-ci ildə UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” ixtisasına qəbul olub. 2018-ci ildə təhsilini dondurub. 2020-ci ildə iyulun 20-də Tərtər rayonunun hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda döyüş bölgəsinə göndərilib. Oktyabrın 6-da Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Sumqayıt şəhərinin Fəxri xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Ailəli idi, 2 yaşlı oğlu var.
Bəhruz Məmmədov 1991-ci il sentyabrın 7-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. Kiçik yaşlarında valideynlərini itirən B.Məmmədov nənə-babasının, onlar vəfat etdikdən sonra isə bibisinin himayəsində böyüyüb. Orta təhsilini Xaldan kənd kompleks tam orta məktəbində alıb. Təhsil aldığı dövrdə yüksək nəticələr göstərdiyinə görə imtahan verərək 2-ci sinifdən 4-cü sinfə keçib. Respublika üzrə gənc rəssamların müsabiqəsində 1-ci yerə layiq görülüb, fənn üzrə olimpiadalarda iştirak edib. 2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 571 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olub. 2013-cü ildə bakalavriat təhsilini bitirdikdən sonra, təhsilini magistraturada davam etdirib. İngilis, alman, rus və polyak dillərini, eləcə də informasiya texnologiyaları sahəsini mükəmməl bilirdi.
2013-2014-cü illər ərzində həqiqi hərbi xidmətdə olarkən hərbi hissənin komandiri tərəfindən “Təşəkkür” məktubu ilə təltif edilib.
Bəhruz Məmmədov 2020-ci il sentyabrın 28-də Yevlax rayon hərbi komissarlıqdan qismən səfərbərliyə çağırılıb, 5 oktyabrda isə döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olub. Bəhruz Məmmədov Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.
Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
*
Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbdə orta təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsində “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıb.
2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü olaraq səfərbərliyə qeydiyyata yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılan Məzdək Eyvazlı bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə yollanıb. 29 oktyabrda Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
*
Rüfət Əsgərov 29 yanvar 1997-ci ildə Rusiyanın Rostov şəhərində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb.
2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin “Menecment” ixtisasına qəbul olub, 2020-ci ildə məzun olub.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xocavənd, Qubadlı, Füzuli uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib, düşmənə ağır zərbələr vurub. Oktyabrın 25-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Hikmət Şıxməmmədov 6 dekabr 1995-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ağstafa rayonu Kəsəmən kəndinin 2 saylı məktəbində orta təhsil alıb.
2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb.
29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Füzuli, Şuşa və bu istiqamətdə digər rayonların işğaldan azad edilməsində fəal iştirak edib. Noyabrın 8-də Şuşa yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ağstafa rayonunda dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
*
Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ailəsi birlikdə Bakı şəhərinə köçüb.
2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb və yüksək göstəricilərlə universitetdən məzun olub.
Sərhəd qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qulluq edib. Ordu hissəsində zabit kimi xidmət edib, baş leytenant rütbəsinə qədər yüksəlib. II Qarabağ müharibəsi başlayanda doğulduğu Füzuli rayonunun Gecəgözlü kəndinə yollanıb. Teymur Məcidzadə ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi biliklərini inamla tətbiq etməsi nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyini tutmasına nail olub.
2020-ci il 9 noyabrda Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
III Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
*
Hacıyev Ülvi Şirin oğlu 1994-cü il noyabrın 13-də anadan olub. 2001-2012-ci illərdə Bakı şəhəri, Suraxanı rayonu 141 saylı orta məktəbində təhsil alıb.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə (tədris rus dilində) daxil olub. Bakalavr təhsilini bitirdikdən sonra 2016-cı ildə UNEC Biznes Məktəbinə (MBA) qəbul olub. Biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisaslaşması üzrə ingilis dilində magistratura təhsil alıb.
2018-2019-cu illərdə Ağcabədi rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 2019-2020-ci illərdə DGK “Azərterminalkompleks” Birliyinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib.
2020-ci ildə könüllü olaraq orduya yazılıb. Sentyabrın 30-da Füzuli rayonunda gedən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 19 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. 50 gün axtarışdan sonra nəşi tapılıb.
6 dekabrda II Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Hüseyn Muradov 1994-cü il mayın 10-da Saatlı rayonunun Cəfərxan kəndində anadan olub. 2000-2011-ci illərdə 147 nömrəli Texniki-humanitar liseydə təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi İqtisadiyyat fakültəsində təhsil alıb. Universitetdə oxuduğu müddətdə nümunəvi davranışları ilə seçilərək, müəllim və tələbə kollektivinin rəğbətini qazanıb.
2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il Aprel döyüşlərində minaatan və artilleriyaçı olub. II Qarabağ Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşüb. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə qatılaraq, böyük qəhrəmanlıqlar göstərib. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olub.
Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
*
Teymur Zeynalov 28 mart 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Binəqədi rayonundakı V.Əzizov adına 30 saylı orta məktəbdə alıb. Uşaqlıqdan idmana maraq göstərib, karate üzrə məktəblərarası yarışlarda iştirak edib. 2011-2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb. 2014-2015-ci illərdə Yevlax şəhəri N saylı hərbi hissədə xidmət göstərib. 2017-2019-cu illərdə UNEC-də “Bank işi” ixtisası üzrə magistr təhsili alıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 24 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad olunması istiqamətində gedən şiddətli döyüşlərdə yaralı və şəhid yoldaşlarını Qarğabazar istiqamətindən çıxararkən qəhrəmanlıqla şəhid olub.
Bakı şəhərində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi.
*
Eldar Əliyev 1994-cü il fevralın 13-də Bakıda anadan olub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə Fakültəsinə daxil olub.
Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutub. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayıb. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb. Şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı. 2015-ci ildə məzun olduqdan sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində motoatıcı pulemyot atıcı olaraq xidmət edib.
2016-cı il hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olub. 18 oktyabrda Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Nyu-York Tayms” qəzetində İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs olunub.
****
Quliyev Nofəl İlham oğlu 1994-cü il iyunun 11-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. 2000-2011-ci illərdə Qoşabulaq kənd məktəbində tam orta təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin “Marketinq mallarının ekspertizası” ixtisasında təhsil alıb. 2015-ci ildə həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin iyul hadisələrindən sonra könüllü olaraq, səfərbərliyə yazılır və sentyabrın 29-u Vətən müharibəsinə yollanır. Nofəl baş qumbaraatan idi. Düşmənin bir neçə zirehli texnikasını məhv etmişdi. Oktyabrın 27-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.
Gədəbəyin Qoşabulaq kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
***
Əli Ələkbər oğlu Ələkbərov 1985-ci il oktyabrın 12-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəsi ilə birlikdə Bakıda yaşayıb. 1992-2003-cü illərdə Binəqədi rayon Famil İskəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. 2007-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan gündən Binəqədi rayon Hərbi komissarlığına müraciət edərək, könüllü kimi oktyabrın 5-də orduya çağırılıb. Orduya getməsi barədə ailəsinə məlumat verməyən Əli, manqa komandiri olaraq Tərtər – Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı şücaətlə döyüşüb. Oktyabrın 17-də həmin döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi noyabrın 11-də neytral zonadan tapılıb.
21 noyabr 2020-ci ildə Xırdalan şəhər qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olub. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilib.
2003-cü ildə ailəsi ilə doğma Sabirabad rayonunun Qaraqaşlı kəndinə qayıdıb. 2007-2018-ci illərdə həmin kəndin orta məktəbində təhsil alıb və məktəbi əla qiymətlərlə bitirib.
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi fakültəsinə daxil olub. 2022-ci ildə həmin universiteti bitirib.
2022-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. İlk hərbi xidmətini Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra Şuşa şəhərində N saylı hərbi hissədə davam etdirib.
Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində lokal döyüş əməliyyatlarında iştirak edib. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub (30 iyun 2023). 2023-cü ilin 19-20 sentyabrında baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd azad edilməsində iştirak edib, Xankəndi şəhərinin “Xaç Postu” deyilən yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olub.
Məmmədhəsənov Qasim Bilal oğlu 21 sentyabr 2023-cü ildə yaşadığı Qaraqaşlı kəndində dəfn edilib. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilib.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə” medaları ilə təltif edilib.
Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb. 11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub. Ailəli idi. İki övladı var. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. “Qızıl ulduz” medalı ilə təltif edilib.
Zərdab rayonunda adına məktəb və küçə var.
**
Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya gəlib. 1962-ci ildə kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1965-ci ildə oranı bitirdikdən sonra 1970-ci ilə qədər Gəncə şəhər ticarət mərkəzində işləyib. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb. 1976-cı ildən 1991-ci ilədək Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Azərbaycan Neft Kəşfiyyatı İdarəsində laborant işləyib.
Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. 1990-cı ildə kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulub. 14 iyun 1992-ci ildə döyüşlərdə əsir düşüb. Q.Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içərək, özünü güllə ilə vurub. 26 iyun 1992-ci ildə cəsədi döyüşçü yoldaşlarının cəsədləri ilə birlikdə geri alınıb.
1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
*
Əzizov Habil Kommunar oğlu 19 yanvar 1968-ci ildə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub. Bir il sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıdıb. Qiyabi təhsil alaraq, Ağstafada sovxoz idarəsində işləyib. 1990-cı ilin yanvarında III kurs tələbəsi Habil qış imtahan sessiyasında iştirak etmək üçün şəhərə gəlmişdi. Yanvarın 19-da imtahandan çıxıb, dostları ilə ad gününü qeyd edib. Gecə sovet qoşunları Bakıya daxil olanda Habil dostlarından ayrılaraq, şəhərə çıxıb. Sovet tankının altında qalaraq, şəhid olub. Ağstafadakı Şəhidlər Xiyabanında dəfn olunub. Bakıdakı Şəhidlər Xiyabanında isə şəkli əbədiləşib. Oxuduğu orta məktəb onun adını daşıyır.
*
Əsgərov Rəmzi Əsgər oğlu 21 yanvar 1967-cı ildə Laçında anadan olub.
Orta məktəbi Laçında bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) qəbul olunub.
Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başladıqdan sonra qiyabi şöbəyə keçərək, könüllü döyüşə yollanıb. Rəmzi Əsgərov Laçın milli batalyonunun döyüşçücü və 811 saylı hərbi hissənin zabiti olub.
25 may 1992-ci ildə Laçının Güləbirt kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Beyləqan rayonunda dəfn edilib. Rəmzi Əsgərov şəhidlik zirvəsinə yüksələrkən V kurs tələbəsi idi.
***
Rəcəbov Şamil Kamil oğlu 4 oktyabr 1970-ci ildə Ağdamda anadan olub. 1977-1988-ci illərdə Ağdam şəhər 5 saylı orta məktəbində təhsil alıb. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1989-1991-ci illərdə Xabarovski vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub Vətənə qayıdan Şamil Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Qiyabi təhsil alan Şamil Bakı neft emalı zavodunda çalışıb. Ermənilər Ağdam şəhərini işğal etdikdən sonra təhsilini yarımçıq qoyaraq, könüllü döyüşə yollanıb. 1994-cü il, aprelin 18-də Ağdamın Qərvənd kəndində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şamil Rəcəbov Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.
*
Rəsulov Əli Hidayət oğlu 7 yanvar 1972-ci ildə Biləsuvar rayonunda anadan olub. Altı uşaqlı ailənin dördüncüsü olan Əli 1989-cu ildə Biləsuvar rayon 3 saylı orta məktəbini bitirib. 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1993-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunun (indiki UNEC) Uçot iqtisad fakültəsinə daxil olub. Mühasibat uçotu nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisasında qiyabi təhsil alan Əli elə I kursda təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağa yollanıb. Üç ay boyunca cəbhənin ən qızğın nöqtələrində gedən döyüşlərdə iştirak edib.
Əli Rəsulov 12 yanvar 1994-cü ildə Füzuli rayonu istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olub.
*
Aslan Sərdar oğlu Şirinov 14 sentyabr 1974-cü ildə Şamaxı rayon Meysəri kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyan A.Şirinov qalib kimi beynəlxalq pioner düşərgəsinə göndərilib, müəllifi olduğu şeir və məqalələr ölkənin müxtəlif qəzetlərində dərc olunub. O, 1991-ci ildə Meysəri kənd orta məktəbini əla qiymətlərlə bitirib.
Aslan Şirinov 1992-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Kommersiya fakültəsinə daxil olub. I kursda təhsilini yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanıb. Ağdərə rayonunun ərazisindəki qanlı döyüşlərdə yaralanan Aslan sağalar-sağalmaz yenidən ön cəbhəyə qayıdıb. A.Şirinov Goranboy, Tərtər və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə özünü mətin və iradəli bir əsgər kimi göstərib.
Aslan Şirinov 1993-cü il fevralın 16-da Ağdərə bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Təhsil aldığı Şamaxı rayon Meysəri kənd orta ümumtəhsil məktəbi Aslan Şirinovun adını daşıyır.
*
Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.
Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
*
Qurbanov Elçin Çərkəz oğlu 6 avqust 1968-ci ildə anadan olub. 1985-ci ildə 160 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. 1987-ci ildə hərbi xidmətə gedib. 1989-cu ildə Magarıstanda hərbi xidmətini başa vurub, Vətənə qayıdan Elçin ixtisasını dəyişmək qərarına gəlib. Elə həmin il birinci ali təhsilini yarımçıq qoyaraq, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. “Maliyyə və kredit” fakültəsinin axşam şöbəsində təhsil almaqla yanaşı, bank sahəsində əmək fəaliyyətinə başlayıb. Xüsusi savad və bacarıqlarına görə yaşıdlarından fərqlənən Elçin qısa müdddətdə kommersiya banklarından birində sədr müavini vəzifəsinə qədər yüksəlib. 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanıb. Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 7 yanvar 1994-cü ildə Füzuli rayonunun Bəytəpə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
*
Sultanov İlyas Mehralı oğlu 18 mart 1957-ci ildə Füzuli rayonunda anadan olub. İlyas uşaqlıqdan idmanın klassik güləş növü ilə məşğul olub. Dəfələrlə rayon və respublika çempionu adını qazanıb. 1974-cü ildə Füzuli rayon Xurşudbanu Natavan adına orta məktəbi bitirərək, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. 1976-cı ildə Moskva şəhərinin Vladimr vilayətində hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra, Füzuli rayon istehlak cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra Füzuli rayon ticarət sistemi üzrə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışıb.
Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başlanandan sonra Füzuli rayonunda yaradılan könüllülərdən ibarət özünümüdafiə batalyonunun tağım komandiri təyin edilmişdi. 15 avqust 1992-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Füzuli rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Füzuli rayonu Yuxarı Veysəlli kənd orta məktəbi İlyas Sultanovun adını daşıyır.
*
*
Böyükağa Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. Əslən Cəbrayıldan olan Böyükağa Şahverdiyev Biləsuvar rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə daxil olub. 2019-cu ildə universiteti bitirərək, həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Minaatan olan Böyükağa Şahverdiyev çox sayda düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Uşaqlıqdan Qarabağ- Cəbrayıl sevgisinə görə bu əraziləri dərindən öyrənmiş və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq etmişdi.
Şahverdiyev Böyükağa oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Oktyabrın 9-da Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində salınan Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
*
Əhmədağa İskəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri, Nəriman Nərimonaov rayonundakı 82 saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Menecment” ixtisasına qəbul olunub, 2011-ci ildə universiteti müvəffəqiyyətlə bitirib.
21 sentyabr 2020-ci ildə orduya çağrılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak edib. Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanıb, 7 oktyabrda isə şəhidlik zirvəsinə ucalıb. Kürdəxanı qəbristanlığında dəfn edilib.
Ölümündən sonra “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Aqil Mirzəliyev 1999-cu il avqustun 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İ.Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarının, bilik yarışlarının qalibi olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra, qəbul imtahanında 613 bal toplayaraq, UNEC-in “Mühasibat uçotu və audit ixtisasına” qəbul olunub. 2020-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb.
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmət edən Aqil Mirzəliyev sentyabr ayının 27-də başlayan II Vətən müharibəsinin fəal iştirakçısı olub. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaətlə döyüşüb. 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən ağır döyüşlərdə isə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də İsmayıllının Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “3 cü dərəcəli Rəşadət”ordeni, “Vətən uğrunda”, Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb.
2020-ci il sentyabrın 28-də qismən səfərbərliklə hərbi komissarlığa çağırılıb, sonra isə döyüş bölgəsinə göndərilib. Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşüb. Oktyabrın 23-də Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
*
Naib Namətov 11 fevral 1998-ci ildə Ağdaşın Kotanarx kəndində anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər Nərimanov rayon 47 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinə qəbul olub. 2020-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Füzuli rayonu uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 3-də Ağdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
*
Süleyman Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. 2001-2012-ci illərdə Sabirabad rayonunun M.Ə.Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə Naxçıvan MR-in Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Sabirabad rayonunun Qalağayın kəndində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medaları ilə təltif edilib.
*
Əsəd Əsədli 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib.
2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə (UNEC) daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb, Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.
Tovuz hadisələri zamanı Səfərbərlik Xidmətinə müraciət edərək, orduya könüllü getmək üçün qeydiyyatdan keçib. Sentyabr ayının 29-da isə onu orduya çağırılıb. Şəmkir rayonunda formalaşdırılmış könüllülərdən ibarət dəstəyə qatılıb. Qısa müddət çəkən təlimlərdən sonra isə həmin dəstə ön cəbhəyə göndərilib. Vətən müharibəsi dövründə Əsədin keçdiyi şanlı döyüş yolu bir çox qəhrəmanlıqlarla əlamətdar olub. Həm qorxu bilməz, igid döyüşçü kimi, həm də sadiq dost kimi yoldaşlarının rəğbət və hörmətini qazana bilib. Əsədin ən böyük qəhrəmanlıqlarından biri 21 nəfər yaralı əsgərin mühasirədən çıxarılması ilə bağlı olub. Belə ki, Xocavənd uğrunda gedən döyüşlər zamanı əsl qəhrəmanlıq nümunəsi göstərən Əsəd düşmənin tankını və onlarla əsgərini məhv edərək, mühasirəyə düşmüş əsgər yoldaşlarını mühasirədən və ölümdən xilas edib. Vətən müharibəsinin ilk günlərindən Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Ə.Əsədli döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub.
II Fəxri Xiyabanda dəfn edilib.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı var.
*
Anar Qarayev Qax rayonunun, Almalı kəndində kəndində anadan olub. Almalı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. 2020-ci ildə universiteti fərqlənmə ilə bitirib.
2020-ci il iyulun 10-da Goranboy rayonunun “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, sentyabrın 15-də hərbi xidmətini Ağdamda davam etdirdirib. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 4-də Suqovuşanda qəhrəmancasına şəhid olub.
9 oktyabrda doğulduğu Qax rayon Almalı kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Diplomu məzarı başında ailəsinə təqdim edilib.
*
Əbil Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi əla qiymətlərlə bitirərək, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və Dizayn fakültəsinin “Çox işlənən malların texnologiyası və dizaynı” ixtisasın daxil olub. 2015-ci ilə məzun olaraq, hərbi xidmətə yollanıb.
Silahla mükəmməl davranışına görə baş atıcı vəzifəsinə təyin olunub. Aprel döyüşlərində iştirak edərək, döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirib. Həmin döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə dəfələrlə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edilib. 2016-cı ilin oktyabr ayında hərbi xidmətini başa vurub.
2020-ci ilin 21 sentyabrında “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təlim və məşq toplantısına çağırılıb.
Sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudafərin körpüsünün azad olunmasında böyük şücaət göstərib. 14 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilib.
*
Mixail Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub. 1991-1998-ci illərdə Suraxanı rayonundakı 278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isə Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseyində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə “leytenant” hərbi rütbəsində xidmət edib. 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından “baş leytenant” hərbi rütbəsində tərxis olunub. Rus, ingilis və erməni dillərini bilirdi.
2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) MBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan Ordusundan tərxis olunandan sonra bir neçə yerdə yüksək vəzifələrdə çalışıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixail Həmidov öz istəyi ilə Vətən müharibəsinə yollanıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. Vətən müharibəsində silah yoldaşları tərəfindən “Mixaylo” ləqəbini qazanan Mixail Həmidov oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.
*
Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Buzovna qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində 125 nömrəli tam orta məktəbdə təhsil alıb. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb.
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” ixtisasına qəbul olub. Tələbəlik illərində fəallığı ilə seçildiyi üçün bir sıra sertifikatlarla təltif olunub. 2015-ci ildə məzun olduqdan sonra Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 16-da Goranboy rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Oktyabrın 25-də Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
*****
Məhəmməd Qarayev Mahir oğlu 2001-ci il noyabrın 16-da Qəbələ şəhərində anadan olub. 2007-2018-ci illərdə Qəbələ şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsində “Kommersiya” ixtisası üzrə təhsil alıb. Məzun olduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb.
2023-cü il mayın 12-də Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən Məhəmməd Qarayev erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.
*****
Vidadi Zalov Nizami oğlu 1985-ci il iyulun 17-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1992–2003-cü ildə Abşeron rayon Saray qəsəbə Azim Müzəffərov adına 2 saylı məktəbdə tam orta təhsil alıb. Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olub.
Ali təhsili başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “Müddətdən artıq həqiqi hərbi xidmət” kurslarına yazılan V.Zalov kursu bitirdikdən sonra ordu sıralarına qayıdıb. 4 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Hərbi xidmət zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb. 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
11 aprel 2023-cü il döyüş tapşırığını yerinə yetirərək, erməni təxribatının qarşısını alan zaman şəhid olub.
Vidadi Zalov 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”,“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Ailəli idi, iki övladı yadigar qalıb.
******
Fərhad Vüqar oğlu Fərhadlı 1993-ci il dekabrın 8-də Sumqayıt şəhərində anadan olub. 2001-2011-ci illərdə Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Menecment” ixtisası üzrə bakalavr təhsili alıb. 2016-ci ildə Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017-2018-ci illərdə UNEC-də “Biznesin idarə olunması” ixtisası üzrə magistr təhsili alıb.
2020-ci ilin sentyabrında bir həftəli hərbi təlim keçdikdən sonra ayın 27-də başlanan Vətən müharibəsinə yollanıb. Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. 20 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən 3 yaralını xilas edən Fərhad, 4-cü yaralını çıxararkən qəhrəmancasına şəhid olub.
Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
F.Fərhadlının magistr diplomu ölümündən sonra valideynlərinə təhvil verilib.