UNEC-də “Kapital bazarları həftəsi”nə start verilib

24 OKTYABR 2016 | VIEWS:
2373

Oktyabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrası, Karyera Mərkəzinin təşkilatçılığı və Bakı Fond Birjasının dəstəyi ilə “Kapital bazarları həftəsi” layihəsinə start verilib. Layihə çərçivəsində UNEC tələbələrinə “Kapital bazarları” mövzusunda master-klaslar keçirilməsi və “İnvestor” kapital bazarlarının simulyasiya oyunun təşkil edilməsi nəzərdə tutulur.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərov UNEC-lə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini bildirib. “Kapital bazarları həftəsi”nin tələbələrin maliyyə biliklərinin artırılmasında xüsusi rol oynayacağını qeyd edib.

Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini Vüqar Namazov “Kapital Bazarları Həftəsi” çərçivəsində keçiriləcək master-klaslarının mövzuları, planı və təlimçilər haqqında məlumat verərək, praktiki biliklərin universitetlərdə tədrisinin önəmini vurğulayıb.

Master-klasların məqsədi tələbələrə Kapital bazarlarına dair BFB-nin topladığı zəngin praktiki biliklərin tədris olunmasıdır. Beş gün davam edəcək master-klaslarda BFB-nin mütəxəssisləri Kapital Bazarlarına aid müxtəlif mövzularda: “Azərbaycan Kapital Bazarı”, “Kapital Bazarları alətləri və ticarətin təşkili”, “Kapital Bazarlarının imkanları”, “Fond Birjasında Listinq”, “Qiymətli kağızları kütləvi ticarət olunan Şirkət Olmağın Üstünlükləri”, “IPO”, “İnvestisiya Qərarlarında Mühasibat Uçotunun Rolu”, “Kapital Bazarlarında ticarət (simulyasiya oyunu)” mövzularında öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər.

“Kapital bazarları həftəsi”nin ilk günündə V.Namazov “Azərbaycan Kapital Bazarı” və BFB-nin Ticarət və Üzvlük Qrupunun rəhbəri Rəxşəndə Əlili “Kapital Bazarları alətləri və ticarətin təşkili” mövzularında master-klas keçiblər.

Qeyd: Tədbir 28 yanvar 2016-cı ildə UNEC ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  (indiki Maliyyə Bazarlarına Nəzarət Palatası) arasında imzalanmış anlaşma memorandumu çərçivəsində həyata keçirilir.

2374 1