Tələbə və magistrlər “Azərbaycan Sənaye Sığorta”-nın mükafatını qazandı

15 MART 2017 | VIEWS:
2155

UNEC-in Karyera Mərkəzi ilə “Azərbaycan Sənaye Sığorta” ASC birgə yazı müsabiqəsi keçirib.

Karyera Mərkəzinin rəhbəri Fuad Əliyev UNEC-in tələbə və magistrləri arasında keçirilən müsabiqənin “Hansı səbəbdən vətəndaşlar özlərini siğortalamaqda maraqli deyillər? Bunu dəyişmək mümkündürmü? Necə?” mövzusuna həsr olunduğunu bildirib. Şirkətə elektron formada göndərilən 50 yazı komissiya üzvləri tərəfindən yoxlanılıb. Mövzu ilə bağlı fərqli yanaşması olan səkkiz yazı seçilərək qaliblər müəyyən edilib.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov “Azərbaycan Sənaye Sığorta” ASC ilə UNEC arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb, şirkətlə sıx və davamlı münasibətlərin olduğunu bildirib. “Azərbaycan Sənaye Sığorta” ASC-nin sədri Uğur Çağlar müsabiqənin keçirilməsindən məmnunluğunu bildirərək, qalib tələbə və magistrləri təbrik edib, onlara uğurlar arzulayıb.

UNEC-də təşkil olunan mükafatlandırma mərasimində rektorun köməkçisi Ramil Cabbarov qaliblərin adını açıqlayıb. Bildirib ki, İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Cəlil Abbaslı I yerin qalibi olub. İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Tükəzban Məmmədzadə II, Biznes və Menecment fakültəsinin IV kurs tələbəsi Gültəkin Nəsibova isə III yerə layiq görülüblər.

Sonda qaliblərə pul mükafatları təqdim edilib. I yerin sahibinə 500 AZN, II yerə 300 AZN, III yerin sahibinə isə 200 AZN mükafat verilib. Digər 5 nəfərə isə həvəsləndirici mükafat və hədiyyələr təqdim edilib.

2156 2