Öncə böyük dramaturqun həyat və yaradıcılığını, onun əsərlərinin səhnə taleyini əks etdirən kitab və foto sərgi nümayiş etdirilib.
İqtisadiyyat fakültəsində keçirilən konfransda UNEC-in “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli prezident İlham Əliyevin dahi dramaturqun 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama diqqət çəkərək, UNEC-də Hüseyn Cavidə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini bildirib. Şairin həyat yolu və yaradıçılığından bəhs edən professor Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi olan Cavidin həmişə Ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb, 1982-ci ildə onun cənazəsinin uzaq Sibirdən gətirərək doğma Naxçıvan torpağında dəfn edilməsini, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsini Ümummilli liderin misilsiz rəşadəti, təkcə Hüseyn Cavidə deyil, bütövlükdə Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə və tarixinə ehtiramı kimi səciyyyələndirib.
Respublikanın cavidşünas alimlərinin iştirak etdiyi konfransda BDU-nun professoru Etibar Talıblı, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Lütviyə Əsgərzadə, BDU-nun şərqşünaslıq fakültəsinin dosenti Aydan Xəndan, Hüseyn Cavidin ev muzeyinin şöbə müdiri Lalə Əliyeva və digərləri çıxış edərək, Cavidin son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş edən qüdrətli söz sənətkarı adlandırıblar. Azərbaycanın müstəqillik əldə etdikdən sonra cavidşünaslığın yeni mərhələyə qədəm qoyduğunu, Cavid irsini tədqiq edən gənc tədqiqatçılar nəslinin formalaşdığını vurğulayıblar. Bildirilib ki, Cavid şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək, dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, professor Tofiq Quliyev, UNEC-in Ağsaqqallar Şurasının sədri, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, Rus İqtisad Məktəbinin direktoru, dosent Mansur Bərxudarov böyük Cavidin həyat yolundan bəhs edib, onun yaradıcılığının tədqiqatçılara geniş meydan açdığını bildiriblər.
“Azərbaycan dili” kafedrası, İqtisadiyyat, Əmtəəşünaslıq, Texnologiya və dizayn fakültələrinin birgə təşkilatçılığı ilə keçirilən konfransın sonunda UNEC-in tələbələri Hüseyn Cavidin şeirlərini səsləndirib, sözlərinə yazılan mahnılar ifa ediblər.