UNEC-in “Marketinq” kafedrasının dosenti Leyla Hacıyeva və “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, Rus İqtisadiyyat Məktəbinin direktor müavini Anar Eyyubov “Erasmus” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində olublar.
L.Hacıyeva marketinq ixtisası üzrə “Bütünləşik pazarlama iletişimi” və “Kitle iletişimi aracları” mövzularında mühazirə oxuyub. A.Eyyubov isə magistrlər və “Beynəlxalq münasibətlər” ixtisasını tədris edən müəllimlər üçün beynəlxalq münaqişələrin psixoloji aspektlərinə dair seminarlarla çıxış edib. UNEC müəllimlərinin praktiki misallarla, Türkiyə və Azərbaycan təcrübələrini müqayisə etməklə tədris etdikləri dərslər auditoriyanın marağına səbəb olub.
UNEC müəllimləri səfər çərçivəsində Anadolu Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüblər. Görüşdə UNEC-in mübadilə proqramı çərçivəsində bu nüfuzlu ali təhsil ocağında təhsil alan SABAH və Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri də iştirak edib.